Tibetdəki zorakı etiraz aksiyasından bir il keçir

Çin təhlükəsizlik qüvvələri və polisi Çin əleyhinə zorakı etiraz aksiyasının ilk ildönümündə Tibet ətrafındakı bütün yoxlama məntəqələrində nəzarəti gücləndirib. Mərkəzi Honq-Konqda yerləşən qəzet yazır ki, Çin rəsmiləri qapı-qapı gəzib şübhəliləri araşdırır. Tibetin kommunist partiyasının baş katibi Canq Qinqli qoşunları Dalay Lamanın qarşısını almağa çağırıb. Mühacirətdə olan dini lider Dalay Lamanın qayıtmasına çağıran 4 günlük etiraz aksiyası keçən il martın 14-də zorakı nümayişə çevrilmişdi. Çin qoşunları nümayişçilərə hücum etmiş və 20 nəfəri öldürdüyünü bildirmişdi. Ancaq insan haqları qrupları azı 200 tibetlinin qətlə yetirildiyini deyir.