Türkiyənin cənub-şərqində təhqiqat aparılacaq

Türkiyə prokuroru rəsmilərdən əsasən kürdlərin yaşadığı Türkiyənin cənub-şərqindəki bir neçə ərazidə təhqiqat aparılmasını istəyib. Bu ərazilərdə öldürülmüş kürdlərin dəfn olunduğu ehtimal edilir. Prokuror göstəriş verib ki, Silopi şəhərində 2 quyu və dövlət nəzarətində olan yanacaq obyekti araşdırılsın. Kürd fəalların sözlərinə görə, 1990-cı illərdə müstəqillik istəyən kürd yaraqlılarla Türkiyə qüvvələri arasında döyüşlər nəticəsində yüzlərlə insan itkin düşüb. Qeyd edək ki, 1984-cü ildən bəri münaqişə nəticəsində 37 min insan həlak olub. Türkiyə uzun illər kürdlərə qarşı ayrıseçkilikdə ittiham olunub. Ankara son zamanlar irəliyə doğru addımlar ataraq onlara daha çox hüquqlar verib.