Svatda 10 günlük atəşkəs elan olunub

Pakistandakı Taliban qüvvələri Svat vadisində 10 günlük atəşkəs elan edib. Taliban sözçüsü Müslüm Xan 6 ay Svatda girov saxlanılan çinli mühəndisin azad edilməsindən qısa müddət sonra atəşkəsi açıqlayıb. Çin dövlət mətbuatı Şinxua bildirir ki, mühəndis bu gün xəsarət almadan İslamabaddakı Çin səfirliyinə aparılıb. Xanın sözlərinə görə, mühəndis xoşməram əlaməti olaraq hökumətlə danışıqlar aparmaq üçün sərbəst buraxılıb. Yerli Pakistan rəsmiləri və Taliban tərafdarı Sufi Məhəmməd ölkənin şimal-qərbinin bəzi hissələrində İslam qanunlarının tətbiq olunmasının mümkünlüyünü müzakirə ediblər. Əfqanıstanda döyüşmüş Məhəmməd özü də keçən il başqa bir razılıq əsasında azadlığa buraxılmışdı.