Rusiya Co Baydenin çıxışını müsbət qarşılayır

Rusiya Vaşinqtonda ABŞ-ın Rusiya ilə münasibətlərdəki gərginlikləri azaltmaq istiqamətində göndərdiyi siqnalları müsbət qarşılayıb. Rusiya baş nazirinin müavini Sergey İvanov bu gün Münhendə keçirilən təhlükəsizlik konfransında müxbirlərlə görüşüb. İvanov ABŞ vitse prezidenti Co Baydenin dünənki nitqində münasibətləri bərpa etmək yönümündə dediklərini alqışlayıb. ABŞ-ın Şərqi Avropada anti-raket sistemi yerləşdirməsi və Kosovonun müstəqilliyini tanımasının ardınca Rusiya ilə münasibətlər soyuyub. Öz növbəsində Rusiyanın ötən ilin avqustunda Gürcüstanda hərbi müdaxiləsi ABŞ və Avropa Birliyinin kəskin ittihamları ilə qarşılanıb.