Qırğızıstan parlamenti Bişkek yaxınlığında yerləşən və Əfqanıstandakı Amerika qüvvələrinin əsas tranzit məntəqəsi hesab olunan ABŞ hərbi hava bazasının bağlanması ətrafında müzakirələri gələn həftəyədək təxirə salıb. Qırğız höküməti bu layihəni cümə axşamı parlamentə təqdim etmişdi. Amma rəsmilər deyirlər ki, səsvermə gələn həftə olacaq.
ABŞ Dövlət Deparlamenti isə bəyan edib ki, onlar Qırğızıstandan Manas bazasının bağlanması qərarı ilə bağlı heç bir rəsmi bildiriş almayıblar. Departamentin rəsmi nümayəndəsi Robert Vudun sözlərinə görə, bunun əksinə olaraq, ABŞ və Qırğızıstan arasında bazaların genişləndirilməsi ilə bağlı danışıqlar gedir.
Pentaqon sözçüsü Brayan Uitmən də bu gün məsələ ilə bağlı iki ölkə arasında dialoqların davam etdiyini bildirib. Ancaq o, Manas bazasının bağlanacağı təqdirdə oradakı Amerika kontingentinin gələcək planları barədə ətraflı izahat verməkdən imtina edib.
Bu arada, Avropa Birliyi isə bəyanat yayaraq, deyib ki, bu bazanın bağlanması Əfqanıstanda sabitliyi bərpa etməyə yönəlmiş beynəlxalq səylərə zərbə vura bilər.
Qırğızıstanın baş naziri İqor Çudinov bu gün bildirib ki, bazanı bağlamaq barədə qərarın Rusiyanın krerditləri ilə əlaqəsi yoxdur.
Qeyd edək ki, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev onun hökümətinin ölkə ərazisindəki Amerika hərbi hava bazasını bağlamaq qərarını cümə axşamı Moskvada Rusiya prezidenti Dmitri Medvedevin Rusiyanın Qırğızıstana 2 milyard dollardan artıq kredit və digər maliyyə yardımı vəd etməsindən sonra səsləndirmişdi.