Təbrizli vəkilin məhkəməsi təxirə salınıb

Təbrizdəki mənbələrin verdiyi məlumata görə, fevralın əvvəlində azərbaycanlı fəallar Həmid Valai və Qulam Nəcəfi Təbrizin İslam İnqılab Məhkəməsinin 2-ci şöbəsində hakim qarşısına çıxarılıb. Məhkəmə prosesinin başlanğıcında hakim azərbaycanlı fəalların rəsmi olaraq “Dövlətçiliyə qarşı təbliğat”da ittiham olunduğunu nəzərə çatdırıb. İttihamçı tərəf olan Ettelaat idarəsi azərbaycanlı fəallar tərəfindən hazırlanaraq, nəşr edilən “Günəş” jurnalının “Azərbaycanda may üsyanları” ilə bağlı özəl sayını sübut olaraq təqdim edib. Təhlükəsizlik orqanları həm də bu jurnalın qanunsuz olaraq nəşr edildiyini iddia edib. Azərbaycanlı fəallar isə “Günəş” jurnalının rəsmi icazə ilə nəşr olunduğunu bildirib və bunu təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməyə cəhd göstəriblər, amma hakim “Jurnalın nəşri qanuna uğun olsaydı yəqin ki, Ettelaat müdaxilə etməzdi!” deyə cəvab verib. Cənab Nəcəfi və Valai bütün fəaliyyətlərinin mövcud qanunlar çərçivəsində baş verdiyini və onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildiriblər. Cənab Valai həm də, Təbriz Ettelaatında saxlandığı müddətdə ona ağır işgəncələr verilməsi ilə bağlı məsələyə baxılmasını tələb edib. Amma hakim “Sizin Ettelaatda işgəncə olunmağınızın bu məhkəməyə aidiyyəti yoxdur!” deyə onun vəsatətini rədd edib. Məhkəmə hər-hansı qərar qəbul olunmadan təxirə salınıb. Həmid Valai hüquq təhsili alsa da İran Ettelaatı onun bir vəkil kimi fəaliyyətinə mane olur. Keçən il Ettelaat əməkdaşları tərəfindən həbs olunan cənab Valainin saxlandığı qapalı təcridxanada ağır işgəncələrə məruz qaldığı, bir ayağı və bir neçə dişinin sındırıldığı barədə məlumatlar yayılmışdı. O, bununla bağlı İranın Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət etsə də, indiyənədək onun bu müraciətlərinə məhəl qoyulmayıb.