Xarici tələbələrin Amerikada işləmək hüququ

Beynəlxalq tələbələrə oxuduqları universitet və ya kolleclərdə işləməyə icazə verilir. Ancaq bu iş universitetin tələbələrinə birbaşa xidmətlə bağlı olmalıdır. Misal üçün o, kitabxanada çalışa bilər. Ancaq universitetin bina inşasında çalışmaq kimi işlər qadağandır. Bundan əlavə xarici tələbələr iş yerində Amerika vətəndaşının yerinə keçə bilməz. Amerikalı olmayan tələbələr dərslərə qatılmaqla yanaşı, həftə ərzində 24 saat işləyə bilər. Tətil vaxtları isə bu müddət artırıla bilər. Onlar təhsillərini sona çatdırana kimi çalışmaq hüququna malikdirlər. Xarici tələbələr oxuduqları təhsil ocağı ilə əlaqəsi olmayan işlərə cəlb oluna bilməz. Ancaq tələbələr qəflətən özlərinin nəzarətindən çıxan vəziyyətlə üzləşəndə hökumətin onlara çalışmağa icazə verməsi mümkündür. Misal kimi yüksək müalicə xərclərini, tələbəyə maliyyə yardımı ilə bağlı problemləri və onun təhsilini maliyyələşdirən mənbədə gözlənilməz dəyişiklik baş verməsini göstərmək olar. Tələbələr habelə başqa şərtlərlə də qarşılaşır. Onlar işləməyə başlamamışdan əvvəl ən azı bir il Amerika universitetində təhsil almalıdırlar. Tələbələr təhsildənkənar işlə məşğul olmaq üçün hər il yenidən müraciət etməlidirlər.
Magistr və başqa yuxarı dərəcələrdə oxuyan tələbələr isə hələ Amerikaya gəlməmişdən öncə iş üçün müraciət edə bilər. Universitetdə dərs demək və ya tədqiqatçı yardımçısı kimi işlər buna yaxşı misaldır. Bəzi məktəblər yardımçılara pul verir. Bəziləri bunun qarşılığında pulsuz təhsil təklif edir. Çoxları isə hər iki seçimə şərait yaradır.
Magistr dərəcəsində olan tələbələr dərs keçə, imtahan ala, müəllimə assisentlik edə və ofisdə çalışa bilər. Hazırda çoxlu universitet xarici magistr tələbələrinin ingilis dilini inkişaf etdirməsi üçün onlara dil treyninqləri keçir. Bəzi məktəblər isə bu tələbələrin dərs deməyə başlamasından öncə onların İngilis dilində danışıq qabiliyyətindən imtahan verməyini tələb edir. Amerikada rəsmi icasəzi olmadan işləyən tələbələr isə deportasiya edilə bilər. Ali təhsil ocağının Beynəlxalq Tələbələr Ofisi tələbələr barədə Daxili Təhlükəsizlik Nazirliyinə məlumat verir. Viza şərtlərini pozanlar, misal üçün icazəsiz kapusdan kənarda çalışan tələbələr gəldikləri ölkəyə geri göndərilə bilər.