Azərbaycan futbol komandasını dəstəkləyən 4 urmiyəli məhkəməyə çağırılıb

Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, Urmiyə şəhər Məhkəməsi 4 urmiyəli futbol azarkeşini “separatçılığı dəstkləməkdə” ittiham edərək məhkəməyə çağırıb. Urmiyə məhkəməsinin 104-cü şöbəsi tərəfindən Səid Mahmudi, Yavər Şərifi, Əli Əkbəri və Məhəmməd Şərifiyə çağırış vərəqələri göndərilərək, məhkəmə araşdırmasına çağırıldıqları bildirilib. İranın təhlükəsizlik orqanları futbol azarkeşlərini “Separatçılara dəstək”də və cinayət məcəlləsinin “ ictimai asayışı pozmaq” maddəsi ilə ittiham edir. Ötən ilin sentyabrında İran, İraq, Azərbaycan və Türkiyənin futbol komandaları arasında dostluq oyunları zamanı bir qrup yerli vətəndaş Azərbaycan dövlət bayrağını qaldıraraq, Azərbaycan Respublikasının milli futbol komandasına azarkeşlik ediblər. Onların həm də Azərbaycanla bağlı bir sıra dəstəkləyici şüarlar səsləndirdikləri bildirilir. Bununla razılaşmayan İranın təhlükəsizlik orqanı-Ettelaat əməkdaşları və yerli polis isə yarışın ardınca onlarla yerli azərbaycanlını həbs etmiş, bir neçə vətəndaşa qarşı cinayət işləri qaldırmışdır. Urmiyə məhkəməsinə çağrılanlardan biri, Səid Mahmudi isə Urmiyənin Şəhriyar Mədəni-İctimai Birliyinin qurucularındandır. O, ötən il dekabrın 12-də 21 Azər hərəkatının ildönümü zamanı Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsinə çağıran vərəqələr paylamaqda günahlandırılaraq həbs olunmuşdu. 1 aya yaxın həbsdə saxlanılan Səid Mahmudi, 20 milyon tümən girov qoymaqla yenicə müvəqqəti zaminə buraxılıb.
Bir neçə gün öncə, Urmiyəli hakim cənab Nəzəri, “ictimai asayışı pozamaqda” ittiham olunan futbol azarkeşlərindən biri, Puria Həzrətinin günahsız olduğuna dair bəraət hökmü çıxarıb.