Afrikalı ekspert:  `Obamadan gözləntilər həddən artıq çoxdur`

Barak Obama ABŞ-ın növbəti prezidenti elan olunanda, bir çox amerikalılar kimi, milyonlarla afrikalı sevinclərini bütün gecəni ayaq üstə keçirməklə ifadə edirdilər.

Yohannesburqun Vitveytəsrand Universitetinin professoru Veronik Taco deyir ki, bu, bir çox Afrika mənşəli insanlar üçün, əsl həyacanlı anlar idi:

"Obama öz siyasi qələbəsi ilə insanlarda özünə inamı artırdı. Qaradərili bir şəxsin dünyanın ən güclü insanına çevrilməsi çox əhəmiyyətlidir".

Taco ümid edir ki, Obama administrasiyası öz hakimiyyətlərindən insanlarına qarşı sui-istifadə edən Afrika liderlərinə münasibətdə daha sərt mövqe tutacaq.

Yohannesburqun siyasi araşdırmalar mərkəzindən Fransis Kornegey isə hesab edir ki, Afrikada Obamaya bəslənən ümidlər ola bilsin ki, həddən artıq çoxdur.

Belə ki, onun fikrincə, İraq və Əfqanıstandakı müharibə, Yaxın Şərq münaqişəsi, eləcə də Pakistanda siyasi çaxnaşma kimi Obamaya miras qalmış böhranlar yəqin ki, ABŞ-ın yenə də əsas xarici siyasət prioritetləri kimi qalacaq.

Ona görə də, ekspertə görə, Afrikanın bu tip məsələlərin yerini tutması üçün heç bir real perspektivlər yoxdur.