Prezident Buş Ağ Evdən dünya liderlərinə zəng edib

Hakimiyyətdən getməkdə olan ABŞ prezidenti Corc Buş dünyanın bir sıra ölkələrinin liderlərilə telefon söhbəti aparıb. Cənab Buş onlara əməkdaşlıq və dostluq münasibətlərinə görə təşəkkürünü bildirib. Vəzifə başında son gün cənab Buş Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiyanın baş naziri Vladimir Putin, Cənubi Koreya prezidenti Li Myunq-bak, Danimarkanın baş naziri Anders Fog Rasmussen və İtaliyanın baı naziri Silvio Berluskoni ilə telefon söhbət edib. Bununla yanaşı, cənab Buş Meksika perzidenti Vinsente Foks, Yaponiyanın baş naziri Taro Aso, İsrailin prezidenti Şimon Peres və Braziliya prezidenti Luiz İnasio Lula de Silva ilə söhbət aparıb.

Ağ Evin mətbuat katibi Qordon Condrou bildirib ki, perzident Buş dünya liderlərinə onlarla işləməkdən zövq aldığını və bu ölkələrə səfər edərkən onların ona və xanımı Lora Buşa göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

İki gün bundan öncə Amerika xalqına son müraciəti zamanı cənab Buş həyatı boyu onun öz sözlərilə, "Yer kürəsində ən gözəl xalqın" prezidenti kimi xidmət etmək imkanına görə minnətdarlıq hissi ilə yaşayacağını demişdir. Cənab Buş müddətini hakimiyyətdən gedən Amerika prezidentləri arasında reytinqi ən aşağı səviyyədə olan prezidentlərdən biri kimi başa vurur.

Prezident Buşun xələfi Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti kimi and içərək vəzifə başına keçdikdən sonra Corc Buş və onun xanımı Vaşinqtonu tərk edəcəklər.