Həmas İsrailin şərtlərini qəbul edə bilməz

Həmas bildirir ki, Qəzza Zolağında atəşkəs üçün İsrailin irəli sürdüyü şərtləri qəbul edə bilməz. Qəzzaya dair Qətərdə keçirilən zirvə toplantısında Həmasın lideri Xalid Məşəl Ərəb ölkələrinin liderlərinə deyib ki, münaqişənin səbəbkarı Həmas yox, İsraildir. O, yəhudi dövlətini günahsız qadın və uşaqlar daxil olmaqla fələstinlilərə qarşı müharibə aparmaqda günahlandırıb. Xalid Məşəldən sonra danışan Suriya prezidenti Bəşər Əl-Əsəd Ərəb dövlətlərini İsraillə bütün rabitələri kəsməyə çağırıb. Fələstin muxtar idarəsi, Misir və Səudiyyə Ərəbistanının etiraz etdiyi zirvə toplantısında İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. BMT-nin baş katibi Ban Ki Mun Ramallahda Fələstin muxtar idarəsinin liderlərilə görüşdükdən sonra atəşkəs müqaviləsinin yaxınlaşdığını bildirərək deyib ki, indi İsrailin atəşkəs təşəbbüsünü qəbul etməsinin vaxtı gəlib çatıb.