Nyu-Yorkda azərbaycanlılar gözlənilən Konstitusiya dəyişikliyinə etiraz edir

Yanvarın 9-da yerli vaxtla saat 14:00-da Amerikada yaşayan Azərbaycanlılar AZAD təşəbbüs qrupunun təşkilatçılığı ilə Nyu-York şəhərində etiraz aksiyası keçirib. 2 saata yaxın davam edən nümayiş Birləşmiş Millətlər Təşkilatının baş qərargahının önündə baş tutub. Aksiyanın əsas məqsədi Azərbaycanda prezidentin 2 dəfədən çox seçilməsini nəzərdə tutan Konstitusiya dəyişikliyindən narahatlığı dünya ictimaiyyətinə çatdırmaq olub.

Nümayişin təşkilatçılarından biri Emin Millinin sözlərinə görə, Amerikada yaşayan Azərbaycanlılar bütün təhdidlərdən qorxmayaraq bü gün aksiyada iştirak edib: “ABŞ müxtəlif ştatlarında və şəhərlərində yaşayan azərbaycanlılar qruplarda müzakirələrdən belə qərara gəldilər ki, artıq hökumətin yürütdüyü bu siyasət Azərbaycanda geriyə dönməyin çox cətin olduğu bir yola gətirib çıxarıb. Ona görə, artıq bizim başqa əlacımız qalmır. Siyasətdən uzaq olan insanlar insanlar – hamı artıq birləşməyə başlayır”. Emin Milli vurğulayır ki, bu Azərbaycan hökumətinin qərarına qarşı BMT baş qərargahı önündə keçirilən ilk etiraz aksiyasıdır.

20 nəfərdən çox insanın iştirak etdiyi aksiya zamanı “Rədd olsun Monarxiya”, “Yaşasın Respublika”, “Monarxiyaya yox”, “Mətbuata azadlıq” kimi şüarlar səsləndirən nümayişçilər, əllərində Azərbaycan bayraqları dalğalandırıblar.

Xatırladaq ki, Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda - AZAD 2008-ci dekabrın 30-da ABŞ paytaxtı Vaşinqtonda şəhərində Azərbaycanın Amerikadakı səfirliyi qarşısında da etiraz askiyası təşkil etmişdilər. Hər iki nümayişin təşkilatçılarından biri Elmar Şahtahtinski etiraz aksiyalar arasındakı fərqi belə izah edir: “Əsas məqsəd birdir. Burada yaşayan azərbaycanlıların və Azərbaycanın dostlarının Konstitusiya dəyişikliyinə öz narazılıqlarını bildirməsidir. Ancaq fərq ondadır ki, Azərbaycan səfirliyinin qarşısında keçirilən əvvəlki aksiyada məqsəd bu etirazı birbaşa Azərbaycan hökumətinə çatdırmaq idi. Bu isə BMT-nin qarşısında təşkil olunaraq dünyadakı demokratik qüvvələrə azərbaycanlıların bir hissəsinin bu dəyişikliklərdən narazı olmasını göstərmək məqsədi daşıyır ”. Cənab Şahtaxhtinskinin sözlərinə görə, Nyu-York aksiyasının digər məqsədi dünya ictimaiyyətindən dəstək almaqdır.

Emin Milli isə deyir ki, Kosntitusiyaya ediləcək bu dəyişiklik Azərbaycanı daha da avtoritar və totalitar dövlətə çevirməklə yanaşı, regiona mənfi təsir göstərərək bütün demokratik ənənələrin tamamilə qarşısını ala bilər. Digər bir səbəb isə Qarabağla bağlıdır: “Qarabağ məsələsində erməni diasporası, erməni lobbisi artıq bununla bağlı çox böyük hücuma hazırlaşır. Artıq konqresmenlərlə, lobbiçilərlə işlər aparan ermənilər bunu Qarabağ məsələsində Azərbaycana qarşı çox ciddi istifadə etmək strategiya və taktikasını ortalığa qoyublar”.

Nümayişin təşkilatçısı AZAD təşəbbüs qrupunun həmtəsisçisi Elmar Şahtaxtinskinin sözlərinə görə, aksiyaların davam etdirilib-etdirilməməsi Azərbaycanda olan siyasi prosesdən asılı olacaq. O hesab edir ki, Azərbaycan hökuməti bu qərarın öz nüfuzuna ciddi təsir göstərəcəyini anlamalıdır.Nümayişin sonunda petisiya oxunub və Elmar Şahtaxtinskinin Amerikanın səsinə verdiyi məlumata görə, petisiya yaxın günlərdə BMT-yə üzv dövlətlərin nümayəndələrinə təqdim olunacaq.