Natiq Əliyev: 'Azərbaycan Gürcüstan və Türkiyəni qazla təchiz edir'

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Avropada qaz böhranı, Nabucco layihəsi və Azərbaycanın Şahdəniz yatağından hasil edilən qazın perspektivlərindən danışılır.

- Avropanın qaz təchizatı ilə bağlı Azərbaycana təkliflər verilibmi? Avropada yaranan son qaz böhranına münasibətiniz?

- Qaz böhranı artıq Avropa Birliyi ölkələrinin gündəliyində dayanıb. Bunlar bir tərəfdən təbiidir, çünki mövsümlə bağlıdır. Eyni zamanda, Rusiya və Ukrayna arasındakı münasibətlərlə bağlıdır və bu münasibətlər özünü büruzə verir. Digər tərəfdən isə Avropa Birliyi ölkələrinin Rusiya qazından asılılığı böyükdür. Hesab edirəm ki, münasibətlər sənədlər vasitəsi ilə nizamlanmalıdır. Rusiya və Ukrayna arasında qazın tranziti məsələsi müqavilə ilə tənzimlənməlidir.

- Bir sıra ölkələr, o cümlədən Türkiyə və Yunanıstan Azərbaycandan əlavə qaz alacaqları ilə bağlı müraciət edəcəklərini bildirib. Azərbaycan əlavə qaz verməyə hazırdırmı?

- Azərbaycan qaz ixrac edən ölkədir. Bu ixrac mənbəyi yalnız “Şahdəniz” yatağının birinci mərhələsidir. Birinci mərhələ ilə Azərbaycan yalnız Gürcüstan və Türkiyəni qazla təchiz edir. Bununla yanaşı, hazırda Yunanıstana da qaz verməyə Azərbaycanın imkanı var. “Şahdəniz” yatağının ikinci mərhələsinin istismarı Azərbaycana əlavə 14 milyard kub metr qaz hasil etməyə imkan verəcək. Bunun 3 milyard kub metri Azərbaycanın öz tələbatına sərf ediləcək, 11 milyard kub metri isə ixrac ediləcək. Bu mənbə Türkiyə və Yunanıstanın tam tələbatını ödəməyə imkan verəcək. Bununla bağlı təkliflər Azərbaycana verilib. Hazırda üzərində işləyirik. Türkiyə ilə hökumətlərarası Saziş üzərində iş gedir. Bu Saziş tranzit və onun şərlərini əhatə edəcək. Danışıqlar Türkiyənin energetika naziri Hilmi Gülərlə davam etdirilir. Eyni zamanda, Yunanıstanla da danışıqlar davam edir. Yunanıstan təklif edib ki, birinci mərhələdə təxminən bir milyard, sonra isə üç milyard kubmetr qaz almağa hazırdır. Bu danışıqların nəticə verməsi isə “Şahdəniz” yatağının ikinci mərhələsinin işə düşməsindən asılıdır.

- Bir sıra ekspertlər Avropanın qaz böhranından qaçmasını mümkün sayır. Onlar hesab edir ki, Avropa Birliyi bunun üçün vaxtında Nabucco layihəsinin reallaşdırılmasına kömək etməli idi. Siz necə hesab edirsiniz?

- Mən böhranın Nabucco layihəsi ilə bağlanmasını düzgün hesab etmirəm. Nabucco çox mürəkkəb layihədir və çox saylı problemləri, faktorları var ki, mütləq həll edilməlidir. Siyasi, iqtisadi, kommersiya, maliyyə, texniki və texnoloji faktorları mütləq nəzərə alınıb həll edilməlidir. Nabucco ilk öncə qazın mənbəyini Yaxın Şərqdə nəzərdə tuturdu. Baş verən hadisələr bunu mümkünsüz etdi. Məhz bu səbəbdən Xəzər qazının mənbə olması gündəliyə gətirildi. Ancaq, yalnız Azərbaycanın imkanları Nabucconun reallaşmasına səbəb ola bilməz. Bunun üçün mütləq Orta Asiya, o cümlədən Qazaxıstan və Türkmənistan qazı lazımdır. Bu isə yeni problemlər ortaya çıxarır. Hər iki dövlət qazını Rusiya üzərindən Avropaya çatdırır. Ona görə də Nabucco mövcud layihə deyil, nəzərdə tutulan layihədir. Nəzərə alaq ki, hazırda dünyada baş verən iqtisadi və maliyyə böhranı bu layihəni daha da çətinləşdirib.