Şənbə gecəsi İsrailin quru qüvvələri Qəzza
zolağının bir neçə məntəqəsinə daxil olduqdan sonra, onlarla Həmas yaraqlıları
arasında atışmalar davam edir. İsrail
əməliyyatda iki əsgərin ağır xəsarət aldığını, əlavə 30 əsgərin isə
yaralandığını bildirir. Həmas isə
onlarla yaraqlısının yaralandığını və öldürüldüyünü xəbər verir. Qəzza rəsmiləri İsrailin bir
həftədən çox Qəzzada apardığı hərbi əməliyyatda təxminən 500 fələstinlinin həlak
olduğunu söyləyirlər. İsrailin
quru qüvvələri və tankları Qəzza
şəhərinin ətrafındakı mövqelərə daxil olub. Tanklar Qəzza bölgəsində keçmiş yəhudi məntəqələrində
yerləşib. Deyilənlərə görə, İsrailin
hərbi qüvvələri Qəzza zolağını şimal və cənub bölgələrə ayırıb. Fələstinin tibb xidmətinin işçiləri deyirlər ki, İsrailin hərbi qüvvələri ilə Həmas
yaraqlıları arasında bu gün küçələrdə gedən döyüşlərdə çoxu mülki vətəndaş olmaqla
30-dan çox adam öldürülüb. İsrail Baş
Naziri Ehud Olmertin sözçüsü Mark Regev
televiziyaya verdiyi müsahibədə deyib ki, hərbi qüvvələr dayanıqlı sülhə
nail olmaq məqsədilə əməliyyatı davam etdirəcək. İsrail hərbçiləri isə bildirirlər ki, onların
Qəzzanı yenidən işğal etmək planı yoxdur. Hədəf Həmasın ərazidəki infrastrukturunu məhv etməkdir. Baş Nazir Olmert bu gün kabinet iclasında
deyib ki, Qəzzaya qüru qüvvələri ilə hücum etmək qərarı keçən cümə günü qəbul
edilib. O, deyib ki, hökumət hərbi
əməliyyata başlamazdan öncə bütün
imkanlara əl atıb. Lakin son addım
qaçılmaz olub. Həmas isə Qəzzanı israillilər
üçün qəbirstanlığa çevirəcəyini bildirir.