Mikloş Haraşti: `Bu, demokratiya istiqamətində geriyə doğru ciddi addımdır`

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycan hökumətinin xarici radioyayımlarla bağlı qərarını “demokratiya istiqamətində geriyə doğru ciddi addım” və söz azadlığının boğulması kimi dəyərləndirib.

Cənab Haraşti yaydığı bəyanatda xatırladıb ki, hüdudsuz informasiya axını 30 ildən artıqdır ki qəbul olunmuş İnsan aktları üzrə Helsinki Bəyannaməsinin əsas prinsiplərindən biridir.

ATƏT rəsmisi deyib ki, Azərbaycanda jurnalistlərə olan hücumlar nəticəsində onların təhlükəsizliyinin azalması nəzərə alınarsa, xarici radioyayımlarla başlı son qərar da xüsusilə məyusedicidir.

ATƏT rəsmisi onu da xatırladıb ki, o, radiolarla bağlı narahatlığını bu il noyabrın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubunda qeyd edib və ölkə rəsmilərini lisenziya problemini həll etməyə çağırıb.