Yunanıstan rəsmiləri ölkədəki zorakılıqlardan narahatdırlar

Yunanıstan rəsmiləri bu gün polis avtobusuna edilən hücumdan sonra ölkədə baş qaldıran zorakılıqların artaraq üçüncü həftəyə daxil olduğundan narahatlıqlarını izhar ediblər. Rəsmilərin bildirdiyinə görə, daxilində polislərin olduğu avtobus Afina şəhərindəki universitet yataqxanasının yanından keçərkən güllə atəşlərinə məruz qalmışdır. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.

Xatırladaq ki, bu ayın əvvəllərində Yunanıstanda 15 yaşlı yeniyetmənin polis tərəfindən güllə ilə vurulub öldürülməsindən sonra ölkədə baş qaldıran etiraz aksiyaları zorakılıqlarla müşaiyət olunur. Qəzəblənmiş etirazçılar eləcə də, hakimiyyətdəki korrupsiyaya və iqtisadi böhrana qarşı çıxırlar.