BMT-nin baş katibi ilin yekunlarına dair mətbuat konfransı keçirib

BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətini 2009-cu ilin sonunadək qlobal istiləşmə ilə bağlı razılıq əldə edilməsinə çağırıb. BMT-nin Nyu Yorkdakı baş qərragahında təşkil edilən ilin yekunlarına dair mətbuat konfransında cənab Mun bildirib ki, gələn ilin dekabr ayında Kopenhagen sammitinədək razılıq əldə edilməsi qeyri-adi bir liderlik tələb edir. BMT-nin baş katibi 2008-ci ili çoxsaylı böhran ili adlandırıb, gələn ilin bir qədər asan keçəcəyinə ümid bəslədiyini bildirib. Pan Gi Mun Sudanın Darfur regionuna BMT sülhməramlılarının yerləşdirilməsinin vacinliyini vurğulayıb, zorakılıqların artdığı Əfqanıstandakı humanitar vəziyyətdən narahatlığını dilə gətirib. O, BMT-nin Kosovoda həyata keçirilən dəyişikliklərdə oynadığı rolu diqqətə çatdırıb. Pan Gi Mun il ərzində 700-dən artıq görüş keçirdiyini, 400 min km-lik məsafəni əhatə edən bölgələrə səfər etdiyini deyib. BMT-nin baş katibi qarşıdan gələn bayramları səbirsizliə gözlədiyini və həmin müddət ərzində hesabatlar deyil, kitab oxumaq arzusunda olduğunu bildirib.