Tomas de Vaal: “Azərbaycan və Ermənistan prezidentləri hədsiz ehtiyatlılıq göstərirlər”

Qərb dairələrində Dağlıq Qarabağ nizamlaması ətrafındakı son diplomatik fəallıqların münaqişənin həllinə yeni imkanlar açdığı güman olunur. Tanınmış tədqiqatçı, «Qara bağ» kitabının müəllifi Tomas de Vaal hesab edir ki, indi Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq için bütün imkanlar var, sadəcə belə görünür ki, prezidentlər buna getməkdən ehtiyatlanırlar.

"Amerikanın səsi"nə müsahibəsində cənab de Vaal münaqişənin həlli perspektivini bədbin qiymətləndirib və bu zaman qeyd edib ki, Ermənistan və Azərbaycan liderləri hədsiz ehtiyatlılıq göstərirlər, belə ki, öz ölkələrinin ictimaiyyətini problemin mümkün həllinə hazırlamaq istiqamətində heç nə etmirlər.

Düzdür, ekspert onu da vurğulayır ki, indi hər iki ölkədə vaxt o vaxt deyil ki, sülh təkliflərinə diqqəti yayındırmaq üçün ictimaiyyətə müharibə bəyanatları aşılansın. Ancaq de Vaal əmindir ki, indi masa üzərində olan təkliflər Azərbaycanın maraqlarını maksimum dərəcədə təmin edir. Buna baxmayaraq, ekspert ondan narahat ki, prezidentlər məhz Gürcüstandakı müharibədən ehtiyatlanaraq danışıqları elə oldugu nöqtədə - nə sülh, nə müharibə vəziyyətində saxlamağa çalışırlar.

Tomas de Vaal deyir ki, aydın görünür ki, Gürcüstandakı müharibədən sonra Qarabağ münaqişəsi ətrafında mənzərə dəyişib. Amma onun sözlərinə görə, regional sülhün əldə olunması üçün tərəflər aydın mövqe bildirməlidilər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa status-kvo vəziyyətini saxlamaqda daha maraqlıdırlar .

Ekspert deyir ki, indiki vəziyyətin saxlanması başqa bir problemlə də bağlı ola bilər – tərəflərin bir-birinə etibarsızlığı. Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına təkid edən Ermənistan özü də açıq demir ki, Azərbaycan qaçqınlarının 90%-nin məskəni olan Dağlıq Qarabağ ətrafındakı zəbt edilmiş əraziləri azad edəcək, ya yox.

Tomas de Vaal əlavə edir ki, indi Qərb dairələrində münaqişənin Dağlıq Qarabağa gələcəkdə müəyyən status verilməsi əvəzində ərazilərin qaytarılmasından başqa həllini görmürlər.

Bununla yanaşı, belə bir təəssürat yaranır ki, tərəflər özləri son 15 ildə olduğu kimi, indi də sülh sazişinə ehtiyatlı yanaşırlar, hərçənd ki, əvvəlkindən fərqli olaraq, indi Minsk Qrupuna həmsərdlik edən ölkələrin siyasəti də daha yekdil təəssürat bağışlayır.

Tomas de Vaal deyir ki, məsələn, indi Moskvada münaqişənin həllini istəyənlər istəməyənlərdən daha çoxdur. ABŞ və Fransa isə əvvəldən sülh arzularını açıq ifadə edirdilər. Bu isə birmənalı şəkildə Ermənistanın mövqeyini dəstəkləmək mövqeyi deyil. Azərbaycana gəldikdə, sirr deyil ki, indiki danışıqlarda əsas ideya Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinin təxirə salınmasıdır. Həmin səsvermənin nədən ibarət olması da razılaşdırılmayıb.

Ekspert deyir ki, əslində bu yaxşı plandır, amma məsələ burasındadır ki, tərəflər bir-birinə kifayət qədər etibar etmir.