Bu gün Helsinkidə başa çatan ATƏT ölkələri Xarici İşlər Nazirlərinin sammitində Dağlıq Qarabağ və Dnestryanı ərazi münaqişələri ilə bağlı regional bəyannamələrin qəbulu nəzərdə tutulsa da, diplomatlar ortaq məxrəcə gələ bilmədiyinə görə, bu, baş tutmayıb. Əvəzində ATƏT-ə sədrlik edən Finlandiya, Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
Bu son iki gündə Dağlıq Qarabağ problemi ilə bağlı qəbul olunmuş ikinci beynəlxalq sənəddir.Hər iki bəyanatlarda tərəflər birmənalı olaraq danışıqlar prosesini intensivləşdirməyə və qarşılıqlı etimadı artıracaq addımlar atmağa çağırılır. Danışıqlar Minsk Qrupu çərçivəsində, Moskva Bəyannaməsi və Madrid prinsipləri əsasında aparılmalı və sülh sazişinin imzalanması ilə nəticələnməlidir.
ATƏT sədrinin Qarabağ problemi üzrə xüsusi nümayəndəsi Heykki Talvitiye Amerikanın səsinə deyib ki, əslində indi əsas məsələ danışıqlar deyil, tərəflərin məsuliyyətidir. Yəni ölkələr açıq bildirməlidirlər ki, razılıga gəlmək istəyirlər, ya yox?
“Məncə hər iki tərəf - Azərbaycan da, Ermənistan da başa düşürlər ki razılaşma nə qədət tez olsa, bu etibarlı sülh imkanlarını o qədər də gücləndirəcək. Etibarlı sülh indi hər şeydən daha vacibdir. Mənə elə gəlir ki, tərəflər bunu getdikcə daha çox başa düşürlər. Ona görə də, biz bu sammitdə xüsusilə qeyd etdik ki, ötən ay Moskvada imzalanmış bəyannamə yeni mərhələ açıb. Çünki Bəyannamədə prezidentlər münaqişənin «Madrid təklifləri» əsasında dinc yolla həllinə sadiqliklərini təsdiqləyiblər. İndi isə bir də tərəfləri yaxın aylarda baza prinsipləri üzərində işi başa çatdırmaq üçün səy göstərməyə səsləyirik. Məncə burada bir ardıcıllıq var”.
Cənab Talvitiye deyir ki, indi Qarabağ problemi ATƏT-in gündəliyindəki bir nömrəli məsələdir, belə ki. Gürcüstan müharibəsindən sonra regionda qarşıdurma əhval-ruhiyyəsi artıb. ATƏT nümayəndəsi deyir ki, ilk növbədə tərəflər cəbhə xəttində qoşunları geri çəkməlidirlər. Çünki hazırkı qarşıdurma mövqeyinbdə istənilən bir qığılcım alova çevrilə bilər.
Iki günə öncə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri – Fransadan Bernard Kuşner (Fransa), Rusiyadan Sergey Lavrov (Rusiya) və ABŞ-ın dövlət katibinin müavini Dəniel Frid də Qarabağ münaqişəsinin çözümünə dair yaydıqları bəyanatda tərəfləri snayperlərini atəş xəttindən geri çəkməyə çağırıblar.
Sitat: “Bu, hərbçilərin və mülki şəxslərin həyatını qorumaq üçün vacibdir, həm də tərəflər arasında etimadı artırar».
ATƏT Azərbaycanla Ermənistanı əsas prinsiplər üzrə danışqılarında Madrid təkliflərinə söykənməyə səsləyib. Qəbul olunan bəyənatlarla tərəflər qarşıdan gələn aylarda artıq razılaşdırılmış prinsipləri ehtiva edən hərtərəfli sülh sazişini yekunlaşdırmağa dəvət olunur.
Bəyanatda münaqişənin hərbi yolla həlli olmadığı təkidlə qeyd olunur və tərəflər məsələnin dinç yolla həlli üçün öhdəlik götürməyə çağrılır.