Israil polisi İordan Çayının Qərb Sahilindəki yəhudi sakinləri ilə bir neçə gündür davam edən danışıqlardan sonra Hebron şəhərindəki yaşayış binasında qalan sakinləri evakuasiya etməyə başlayıb. Ölkənin Ali Məhkəməsinin çıxardığı hökmə əsasən bu gün dördmərtəbəli bina yüzlərlə təhlükəsizlik qüvvəsi tərəfindən mühasirəyə alınmış və sakinlər binadan zorla çıxarılmışlar. Binada 200 nəfərə qədər sakinin qaldığı bildirilmişdi.
İsrailin müdafiə naziri Ehud Barak bu gün səhər kompromis əldə edilməsi üçün yəhudi sakinlərlərinin nümayəndələri ilə görüşmüş, lakin heç bir razılıq əldə edilməmişdir. Görüşdən sonra Ehud Barak yəhudi nümayəndələri ekstremist adlandırmış və demişdir ki, onlar dövlətin qanunlarına hörmət etməyi öyrənməlidirlər.