İran hökuməti daha bir azərbaycanlı jurnalisti həbs edib

Tanınmış azərbaycanlı jurnalist Məhəmmədrza Ləvai həbs olunub. Bu məlumatı yayan “Savalan Səsi” xəbər saytı bildirir ki, azərbaycanlı yazar cənab Ləvai doğma yurdu olan Əhərdə təhlükəsizlik orqanları tərəfindən həbs olunub. Həbsindən 8 gün keçməsinə baxmayaraq cənab Ləvainin harada saxlanması barədə məlumat yoxdur. “Azad Təbriz” kimi başqa qeyri-rəsmi mənbələr isə yaxınlarının onun işgəncələrə məruz qalmasından narahat olduqlarını bildirirlər.

Cənab Ləvai bundan öncə Azərbaycanlı siyasi fəal mərhum Qulamrza Əmani və onun qardaşlarının Təbrizdə keçirilən yas mərasimi zamanı həbs edilmiş, qısa müddət sonra azadlığa buraxılmışdı. Bir neçə qəzetlə əməkdaçlıq edən M. Ləvai “Arbatan”, “Terror və Azadlıq”, “Günəş Səsindir batır!” kimi bir sıra şer və hekayə kitablarının müəllifidir.