Qərb dairələrinin radioların yayımı ilə bağlı problemə münasibəti

ABŞ Dövlət Departamenti Azərbaycan hökümətinin ölkədə xarici radiostansiyaların yayımının dayandırılması planından narazılığını son həftədə bir neçə dəfə şifahi və yazılı formada ortaya qoyub.

Vaşinqtonda ilk növbədə xatırladırlar ki, 2006-cı ilin noyabrında Azərbaycan hökuməti Beynəlxalq Yayım Şurasının tərəfdaş sirkəti olan ANS-i bağlamaqla bu şirkətin tezliklərindən istifadə edən Azadlıq Radiosu və Amerikanın səsinin yerli televiziya və radio proqramlarının yayımlarına son qoymuşdu.

İndi geri alinmaq təhlükəsi altında olan radio lisenziyası və eləcə də televiziya proqramı məhz o zaman kompromis təklif kimi irəli sürülmüşdü.

O vaxtdan Azadliq radiosu və Amerikanin səsi ölkə içində kifayət qədər böyük auditoriya toplamağa nail olublar.

Bunu əsas gətirərək, ABŞ Dövlət Departamenti Azərbaycanda radiostansiyalarının yayımının dayandırılması ilə bağlı planlardan məyusluğunu bildirib.

Departamentin nümayəndəsi Robert Vud yaydığı bəyanatında vurğulayıb ki, Vaşinqon bu radiostansiyaların Azərbaycanda demokratikləşmənin inkişafına bir çox yeniliklər gətirdiyinə inanır və vəziyyəti aydınlaşdırmaq eləcə də həll etmək üçün üçün Azərbaycanla dialoq axtarır.

Bu həftə Bakıda olmuş dövlət katibinin Demokratiya, İnsan Haqları Məsələləri üzrə Köməkçisi Devid Kremer hesab edir ki, Azərbaycan hakimiyyəti qərbin üç radiostansiyasının yayımının ilin sonunadək dayandırılmasına dair qərarı təkrar nəzərdən keçirəcək.

O deyib ki, ABŞ Azərbaycanın qanunvericiliyinə hörmətlə yanaşır, eyni zamanda həmin KİV-in nüfuzunun nəzərə alınmasının vacib olduğunu hesab edir.

Birləşmiş Ştatların Bakıdakı səfiri Enn Dersi də ümid edir ki, bir tərəfdaş kimi Bakı ilə Vaşinqton radiostansiyalarının yayımı ilə bağlı məsələnin həlli yolunu tapacaqlar. Onun sözlərinə görə, radioların yayımı Amerikanın Azərbaycanla münasibətlərinin bir hissəsidir.

Səfir beynəlxalq radioların fəaliyyətlərini davam etdirməsi ilə bağlı Azərbaycan vətəndaşlarından xahişlər daxil olduğunu bildirib.

Amerika rəsmiləri inanırlar ki, KİV-in inkişafı üçün beynəlxalq radioların yayımının önəmi dərk ediləcək və onlar bu sahəyə böyük töhfə verəcəklər.

Dövlət Departamenti habelə vurğulayır ki, mövcud problemlərin bu radiostansiyaların rəhbərliyinin Azərbaycanda müvafiq strukturlarla ikitərəfli danışıqları əsasında həll olunması ilə bağlı razılıq əldə olunub.

Avropa Birliyi və Azərbaycan hökumətinin xarici radiolarla bağlı planından narahatdır. Birliyin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarının insan haqları təmsilçisi Riina Kionka bəyanat yayaraq, məsələnin həllinə ümidvar olduğunu bildirib.Kionka deyib ki, bu istiqamətdə inkişaf Azərbaycanın özünün də marağında olmalıdır.