Devid Kramer Amerikanın Səsinin yayımını davam etdirəcəyinə ümid bəslədiyini bildirib

Azərbaycanın xarici tele-radioların ölkədə milli tezliklərdə yayımına son qoyulması planına baxmayaraq, ABŞ Dövlət Departamentinin rəsmisi Amerikanın Səsi və Azadlıq Radiosunun Azərbaycanda yayımını davam etdirəcəyinə ümid bəslədiyini bildirib. Dövlət katibinin yardımçısı Devid Kramer Bakıda jurnalistlərə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra o, bu qurumların Bakıda yayımının davam etdirməsi barədə nikbin fikirdədir. ABŞ rəsmisinin sözlərinə görə, Amerikanın Səsi və Azadlıq Radiosuna nəzarət edən ABŞ-ın Beynəlxalq Yayım Şurası bu yayım şirkətlərinin yeni müqavilə əldə etməsi üçün Azərbaycan agentlikləri ilə əlaqə quracaq.
Keçən ayın sonu Azərbaycan hökuməti bildirib ki, qanun beynəlxalq qurumların proqramlarının yerli radio və televiziya stansiyalarında və milli tezliklərdə yayımına qadağa qoyur.