İlqar Məmmədov: `Amerikanın səsi Rəsulzadənin səsini saxlayan yeganə radiodur`

“Amerikanın səsi və Azadlıq radioları Azərbaycanda söz azadlığının son qalalarıdır. Bu qalalar hazırda mühasirəyə alınıb”. Bu sözləri Bakı Siyasi Təsir və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Məmmədov Amerikanın səsi radiosunda keçirilən dəyirmi masada səsləndirib. Cənab Məmmədov deyib ki, radiostansiyaların yayımı dayandırılsa, o zaman Amerika-Azərbaycan münasibətləri korlanacaq. Onun fikrincə, “son hadisələr göstərir ki, Azərbaycan Qərblə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə qaldırmaq istəmir”.

İlqar Məmmədov onu da vurğulayıb ki, radioların Azərbaycanda milli tezliklərlə yayımının əngəllənməsinə təkcə hüquqi müstəvidə yanaşmaq olmaz: “Məsələnin mənəvi tərəfi də var. Amerikanın səsi 1950-ci illərdə Məmməd Əmin Rəsulzadənin səsini yazıb bu günə qədər saxlamış yeganə radiostansiyadır. Bu radionun Azərbaycanın milli dalğasında səsini kəsmək Azərbaycanın tarixinə ədalətsiz münasibətdir”.

Politoloq habelə bildirib ki, beynəlxalq ictimaiyyət Qərb radiostansiyalarının yayımı ilə bağlı məsələdə geriləsə, 2009-cu ildən ölkədə ağlagəlməz repressiyalar başlaya bilər. Onun fikrincə, Azərbaycan rəsmilərinin radioların yayımını Avropa standartlarına uyğunlaşdırmaq zərurətindən bəhs etməsi düzgün yanaşma deyil, belə ki, ölkədə heç bir sahə Avropa standartlarına cavab vermir.

Dəyirmi masanın digər qonağı, Azərbaycanın hakim partiyasının rəsmi mətbu orqanı olan Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Qərb radiostansiyalarının ölkədə yayımının dayandırılması məsələsi həddindən artıq siyasiləşib, halbuki, onun fikrincə, bu, texniki prosedurla əlaqərardır. Belə ki, söhbət radioların ölkə ərazisində yayımının kəsilməsindən yox, onu başqa formaya keçirməkdən gedir.

Verilişə Bakıdan qoşulan dinləyici Elşən Balaxanlı isə radioların və eləcə də Amerikanın səsinin AZTV kanalında yayınlanan televiziya proqramlarının dayandırılması ehtimalı ilə, Azərbaycanda alternativ xəbər mənbələrinə çıxışın tamamilə məhdudlaşacağını bildirib. Dinləyici sual edib ki, əgər qanun bu radiostansiyaların verilişlərinin yayımına imkan vermirsə, onu niyə dəyişmirlər?

Dəyirmi masa söhbətini tam formada yuxarıdakı səsli faylda dinləyə bilərsiniz.