Bəzi milli fəallar Evin həbsxanasından azad olunub

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb. “Öyrənci”, “Azad Təbriz” və başqa mənbələrin bildirdiyinə görə, Evin həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan azərbaycanlı ziyalılar, Həsən Raşidi, Əlirza Sərrafi, Səid Muğanlı və Mehdi Nəimi, hər biri 250 min dollar dəyərində girov qoyduqdan sonra müvəqqəti azadlığını əldə edə bilib. Qanunsuz saxlanmalarına qarşı etiraz əlaməti olaraq iki həftə öncədən aclıq aksiyasına başlayan 4 məhbusun sağlamlıq durumunun ağır olduğu bildirilir. Təxminən 2 ay öncə, Tehranın Ettelaat İdarəsinin əməkdaşları Tehranda keçirilən bir iftar mərasiminə hücum edərək, 20-yə yaxın azərbaycanlını, o, cümlədən yuxarıda adı çəkilən ziyalıları həbs etmişdi. Bununla da, “İranın milli təhlükəsizliyini pozmağa cəhd”də ittiham olunaraq iftar qonaqlığında tutulanların hamısı nə zaman keçiriləcəyi bəlli olmayan məhkəməyədək sərbəst buraxılıb.