Dünya liderləri Barak Obamanı təbrik edirlər

Barak Obama Briləşmiş Ştatların ilk Afro-Amerikalı prezidenti olacaq. Kenyalı atanın və Kanzasdan ağ qadının övladı olan İllinoys Senatoru Respublikaçı namizəd Con Makkeyn üzərində qələbə çaldı. Obamanın qalib gəldiyi aparıcı ştatlar sırasında Ohayo, Virciniya, Florida və Ayova ştatları var idi ki, ötən seçkilərdə bu ştatlarda Respublikaçılar üstünlük əldə etmişdi. Ümumxalq səsverməsində səs fərqi az olsa da elektoral səslərə gəldikdə Obama Con Makkeyni əsaslı şəkildə məğlub etdi. Demokrat namizəd tələb olunan 270 elektoral səsdən də çox səs toplayaraq Birləşmiş Ştatların prezidenti seçildi. Çikaqonun Grant Parkında toplaşmış iri izdiham böyük sevinclə dəstəklədikləri namizədin qələbəsini qeyd etdi. Bəziləri sevincindən ağlayırdı.
Arizona senatoru Con Makkeyn axşam saat 11-də rəqibinə zəng edərək onu təbrik etdi.Özünün təslim çıxışında cənab Makkeyn Amerika xalqının aydın səslə danışdığını bəyan etdi. Obama və onun tərəfdaşı Senator Cozef Bayden 2009-cu il Yanvarın 20-də vəzifələrinin icrasına başlayacaq. Amerikanın 44-cü prezidenti olacaq Obama iqtisadi geriləmə ilə üzləşən və iki cəbhədə müharibə aparan ölkəyə rəhbərlik edəcək. Artıq dünyanın bir çox ölkələrinin liderləri Barak Obamanı Amerika prezidenti seçilməsi münasibəti ilə təbrik ediblər. Onların arasında Britaniyanın baş naziri Qordon Braun, Roma Papası XVI Benedikt, Almaniya kansleri Angela Merkel, İspaniya, Türkiyə liderləri də var. Azərbaycan prezidenti İlham Əliyev də Barak Obamaya prezident seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.