Amerika Rusiyanın Qarabağla bağlı təşəbbüsünü alqışlayır

Birləşmiş Ştatlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşdırılması üzrə təşəbbüsünü alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bəyan edib. “Biz bu prosesi yaxından izləyirik” – deyə Dövlət Departamentinin sözçüsü Vaşınqtonda keçirilən ənənəvi mətbuat konfransında Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada keçiriləcək görüşünü şərh edərkən vurğulayıb. Dövlət Departamentinin rəsmisi xatırladıb ki, Vaşinqton uzun müddətdir ki, problemin həlli ilə yaxından məşğul olur: «Biz bu problem üzərində kifayət qədər uzun müddət işləmişik və o cümlədən, məsələnin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində çox səy göstərmişik. Moskvanın təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, bu təşəbbüs uğurlu olacaq». Kremlin məlumatına görə, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinın birgə görüşü noyabrın 2-də Moskvada keçiriləcək. Ötən həftə prezident Medvedev Ermənistana səfər etmişdi. Moskva 20 ildən artıqdır ki, davam edən münaqişənin həllinə nəhayət ki, nail olmaq üçün çalışdığını bildirib.