Senator Barak Obama Con Makkeyndən 10% irəlidədir

ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn noyabrın 4-ü Ağ Ev uğrunda mübarizədə qələbə çalmaq üçün böyük əhəmiyyət daşıyan iki ştatda kampaniya aparırlar. Respublikaçı senator Con Makkeyn son rəy sorğularına görə Obamanın 10% irəlidə olduğunu göstərən Pensilvaniya ştatındadır. Demokrat senator Barak Obama isə Makkeynin iki faizlə irəlidə olduğu Floridada kampaniyanı davam etdirir.

Demokrat partiyasından nominasiya uğrunda mübarizədə rəqibi olmuş senator Hilari Klinton hazırda Obamanın xeyrinə Minnesota ştatında kampaniya aparır. Barak Obamanın yardımçıları onun ölümcül xəstə olan nənəsinə baş çəkmək üçün kampaniyanı bir neçə gün dayandıracağını bildiriblər. Obamanın kampaniyasından bildirilir ki, İllinoys ştatından senator onu boya-başa çatdıran 86 yaşlı nənəsinin yanında olmaq üçün cümə axşamı və cümə günü kampaniya çərçivəsində tədbirləri təxirə salıb.