Kolin Pauel Barak Obamanın prezidentliyə namizədliyini dəstəkləyib

ABŞ-ın keçmiş Dövlət katibi Kolin Pauel prezidentliyə Barak Obamanın namizədliyinə dəstəyini bildirərək, Amerikaya dəyişiklik yaradacaq şəxsin lazım olduğunu deyib. NBC tele-şirkətinə müsahibə zamanı Pauel bildirib ki, o, Obamaya insanları ruhlandıra bildiyi və məzmunlu kampaniya apardığı üçün dəstək verir.

Kolin Pauel həm Obama, həm Makkeynin yaxşı prezident ola biləcəyinə inandığını bildirib. Lakin onun sözlərinə görə, senator Obama müstəsna prezident olmaq və ölkəni qətiyyətlə idarə edə bilmək üçün standartlara cavab verir.

Kolin Pauel habelə senator Makkeynin kampaniyasının neqativ tonundan razı qalmadığını da qeyd edib. O, Con Makkeynin vitse-prezidentliyə namizəd seçdiyi Alyaska ştatının qubernatoru Sara Peylinin prezidentliyə hazır olmadığını deyib.

Kolin Pauel keçmiş prezident Buş un dövründə Birgə Qərargahlar idarəsinin başçısı, hazırkı prezident Buşun dövründə isə Dövlət katibi olmuşdur.