Nyu Yorkda səfərdə olan Türkiyə prezidenti
Abdulla Gül "Amerikanın səsi"nin Azərbaycan bürosuna müsahibə verib. Cənab Gül
Qafqazdakı son vəziyyət, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri və
Gürcüstan-Rusiya qarşıdurması barədə danışıb. Türkiyə prezidenti ilə
müsahibənin tam mətnini təqdim edirik.
Sual:
Cənab prezident, bu yaxınlarda Bakıya və Yerevana səfərləriniz hər iki ölkədə
müxtəlif cür qarşılandı: Buna müsbət baxanlar da oldu, tənqidi yanaşanlar da.
Bu səfərlərdən sonra Azərbaycanla Ermənistanın siyasilərinə, xalqlarına hansı
mesajları vermək istərdiniz?
Cavab:
Əslində, Yerevana səfərim bir təsadüf nəsicəsində başladı. Yəni bir futbol
matçı ilə. Əgər Ermənistanla Türkiyə bu matçda bir yerə düşməsəydilər, bəlkə də
bu səfərim gerçəkləşməyə bilərdi. Amma açığını deyim ki, bunun əvvəli də var.
Hələ Serj Sarkisyan prezident seçiləndə, mən ona bir təbrik məktubu göndərdim
və məktubda münasibətlərimizin arzuolunan nöqtəyə gəlməsi üçün zəhmət sərf
etməyin, çalışmağın doğru olacağını, bütün Qafqazda sülhə və inkişafa çox önəm
verdiyimizi yazdım. O da bəlkə elə bunun qarşılığında matç dəvətini cəsarətlə
irəli sürdü.
Amma bunu demək istəyirəm ki, Qafqazda
donmuş problemlər var. Biz bu donmuş problemlərin belə qala bilməyəcəyini
düşünürük. Onun üçün işləmək lazımdır. Problemlər bəllidir: Qarabağın işğalı
ortadadır, Gürcüstandan bəhs edərkən Abxaziya və Osetiya məsələləri ortadadır,
Türkiyə ilə Ermənistan arasındakı problemlər də ortadadır. Bunlar bilinən
problemlərdir. Və bu münaqişələr əbədi qala bilməz. Qalarsa, onun zərərini
bölgədə özümüz, xalqlarımız çəkir. Halbuki, problemlər həll edilsə, danışılsa,
anlayış göstərilsə, bunun üçün səy sərf
göstərilsə, onda böyük bir işbirliyi ortaya çıxardı. Bundan da kim
faydalanar? Yenə də bölgənin xalqları. Türklər, azərilər, ermənilər, gürcülər –
hamı bundan qazanar. Onun üçün də biz belə bir siyasət yürüdürük. Əlbəttə, bu o
demək deyil ki, problemlər elə bir gecədə asanlıqla həll oluna bilər. Amma həll
üçün yaxşı bir mühit yaratmaq lazımdır, bunun üçün də dialoq olmalıdır.
Gürcüstanla Rusiya arasında ötən ay yaşanan olaylar problemləri özbaşına
buraxmağın nə qədər təhlükəli olduğunu göstərdi. Rusiya ilə Gürcüstan savaşanda
bundan təkcə iki ölkə zərər görmədi ki. Azərbaycan da narahat oldu, Ermənistan
da və əlbəttə ki, biz də. Qara dəniz kimi kiçik bir dənizə bir çox hərbi gəminin gəlməsi hamımızı narahat etdi.
Əminəm ki bundan Rusiya da məmnun deyil. Mən onların da son hadisələrdən o qədər xoşbəxt olmadığı qənaətindəyəm. Onun
üçün də, biz dialoqa önəm verən ölkə kimi, yaranmış bu böhrandan bir fürsət
çıxarmaq ümidi ilə Qafqaz Əməkdaşlıq Platformasını ortaya atdıq. Bunu
məmnuniyyətlə deyə bilərəm ki, Rusiya təklifimizə çox güclü dəstək verdi,
Azərbaycan və Ermənistan da həmçinin. Gürcüstan da əslində bu məsələni
dəstəkləyir, amma hazırda düşdükləri psixoloji vəziyyət bəlkə bir qədər önə
çıxmaqlarına imkan vermədi.
Amma mən inanıram ki, belə bir əməkdaşlıqdan
hamı faydalanacaq. Sadəcə bu mesajı vermək istəyirəm. Düşmənçilik hisləriylə bir yerə getmək olmaz. Birdən
birə onlar çox alovlanır və beləliklə də müharibə ortaya çıxır. Halbuki
danışaraq, anlaşaraq məqbul bir həll yoluna yetişmək üçün hər kəsin səy
göstərməsi lazımdır. Biz də bunu edirik...
Mən inanıram ki, Ermənistana səfərimə qarşı
çıxanlar daha sonra hansı yaxşı niyyətlərlə hərəkət etdiyimi görüb, onlar da
anlayışla qarşılayıblar. Mən Yerevandan
sonra tezliklə Bakıya səfər etdim və
cənab İlham Əliyevə bütün niyyətlərimi və gözləntilərimi izah etmək fürsəti
əldə etdim. Doğrusu, onunla da çox faydalı və yararlı bir görüş keçirdik. O da
Qafqazda sülhə və inkişafa üstünlük verir. Ümid edirəm ki qarşıdakı aylarda
hamımız birlikdə gözəl işlər görəcəyik.
Sual: Ermənistanın
Azərbaycanla yanaşı, Türkiyə ilə də problemləri var. Söhbət tarixi iddidalardan
gedir. Yerevanda olarkən ermənilərin bu idiialarında çəkilmək niyyətində
olduğunu hiss etdinizmi?
Cavab:
Problemlər olmasaydı, sərhədimiz açıq olardı. Problem olmasaydı, tam diplomatik
əlaqə qurardıq. Demək ki ortada problemlər var. Məhz bu problemləri qaldırmaq
üçün də dialoq olmalıdır. Və bu problemlərin həlli də bir gecədə olacaq iş deyil. Bu, illərdir ki sürən
məsələlərdir. Amma siyasi iradələrimizi ortaya qoyub bu problemlərimizi çözəlim
və qarşımızda münasibətlərimizi zəhərləyən nədirsə bu zəhərləri ortadan
qaldıraq. Niyyətimiz budur. Doğrusu mənim səfərdə də niyyətim məhz bu idi. Mən
bunu cənab Sarkisyanda da gördüm. O mənimlə
Qafazdakı lazımsız proseslərin onlara necə təsir etdiyini açıq danışdı.
Onların da prosesləri dərin təhlil etməyə başladıqlarını gördüm. Biz də
vəziyyəti yenidən təhlil edirik. Azərbaycanda, hamı bunu edir. Mən buna ehtiyac
olduğu qənaətindəyəm. Əvvəlcə yaxşı niyyət lazımdır. Ondan sonra cəsur şəkildə
problemləri danışmaq lazımdır. Məncə, belə bir fürsət indi var.
Sual: Rusiya-Gürcüstan qarşıdurmasında Türkiyə
kimin yanındadır?
Cavab:
Təəssüf ki, Cənubi Osetiyada və Abxaziyada donmuş problemlər var idi və bunlar
da bu hadisələrə yol açdı. Biz əvvəldən Gürcüstanın siyasi bütünlüyünə və ərazi bütövlüyünə önəm veririk. Amma təbii
ki dialoqla bu problemləri həll etmək daha yaxşı olardı. Yenə də təkrar edirəm.
Mən ortaya çıxan vəziyyətdən rusların da çox məmnun olduğu qənaətində deyiləm.
Çünki onlar da bölgədə bir gərginliyin yaranmasını arzu etmirlər. Onlar da
Qafqazda əməkdaşlığı və inkişafı arzu edirlər. Hər halda, keçirdiyimiz
görüşlərdə və müzakirələrdə biz bu mesajı aldıq. Ona görə də indi danışmq
vaxtıdır. Danışarkən də qıcıqlandırmadan, daha çox ritorikaya yol vermədən
danışmağın problemlərin həllinə yardımçı olacağı qənaətindəyəm.
Sual:
Bu müharibənin regiondakı enerji infrastrukturuna hansı təsirləri oldu?
Cavab:
Mən heç də o qənaətdə deyiləm. Ruslar istəsəydilər, enerji boru xəttlərini
bombalaya bilərdilər. Belə bir niyyətləri heç vaxt olmayıb. Bakı-Tbilisi-Ceyhan
boru xətti olduqca gözəl işləyir və işləməkdə də davam edəcək.
Bakı-Tbilisi-Ərzurum da işləyir. Mən bölgədə əməkdaşlıq və inkişaf başlayarsa,
yeni boru xəttlərinin, yeni yolların və yeni gözəl layilələrin gerçəkləşə
biləcəyinə inanıram. O baxımdan da Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi də
eyni şəkildə davam edəcək.
Sual: Cənab
prezident, regionun ziddiyyətlərinə baxmayaraq, Qafqazda vahid əməkdaşlıgın
alınacağı ilə bağlı nikbinliyinizi görürük. Yəni bunun üçün həqiqətən real
siqnallar varmı?
Cavab:
Mən ümidliyəm. Liderlərlə keçirdiyim görüşlərdə - həm cənab Əliyev, həm cənab
Sarkisayanla apardığım danışıqlarda, həm də baş nazirimizin cənab Putinlə
keçirdiyi görüşlərdə biz belə bir qənaət əldə etmişik. Əlbəttə ki, həm də cənab
Saakaşvili ilə keçirdiyimiz görüşlərdən də bu qənaətimiz var...