Mixeil Saakaşvili: "Qərb rus təcavüzünə cavab verməlidir!"

Rusiyanın Gürcüstana hərbi müdaxiləsi Qərblə Moskva arasındakı münasibətləri Sovet İttifaqı dağılandan bəri ən gərgin nöqtəyə çatdırıb. Hücuma məruz qalmış Gürcüstanın prezidenti Mixeil Saakaşvili bu gün Washington Postda Qərbi mətanət nümayiş etdirməyə və Rusiyanın qarşısında möhkəm durmağa səsləyir. "Rus Təcavüzünə Necə Cavab Verməli" adlı yazısında Saakaşvili Rusiyanın Gürcüstana hücumunu təsvir edir və bundan sonra ölkəsində cərəyan edən hadisələrdən bəhs edir. Onun sözlərinə görə əgər Gürcüstan demokratik dövlət olmasaydı onda, Qərb ictimaiyyəti münaqişə zamanı Gürcüstana bu miqyasda dəstək verməzdi. Məhz bu dəstək inamı gücləndirir ki, Gürcüstanın qurtuluşu daha açıq və demokratik cəmiyyətə çevrilməkdən keçir.

"Bir zamanlar Gürcüstan korrupsioner, uğursuz bir dövlət idi," deyə Gürcüstan prezidenti yazır. "Lakin bir neçə ilin ərzində ölkədə keçirilən islahatlar nəticəsində Gürcüstan liberal bir məkana çevrilib. Gürüstanın geo-strateji baxımdan mühüm nöqtədə yerləşməsi bu şəffaflığın əhəmiyyətini artırır. Eyni zamanda Gürcüstan azad dünyanın tərkib hissəsi olaraq Moskvanın demokratiyanı gerilətmək, imperiyanı bərpa etmək və Avropanın enerji resurslarına nəzarət etmək yönümündəki zorakı cəhdlərinə qarşı çıxacaq. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa tələsməklə Moskva beynəlxalq qanunları ayaq altına atıb. Qərbin vəzifəsi Rusiyanın işlətdiyi taktikalardan istifadə etməyək Moskvanın ambsiyalarına müqavimət göstərməkdir," deyə Saakaşvili bildirib. Rusiyanın ötən ay baş verən münaqişə ilə bağlı yalan və təhriflərə üz tutmasını önə çəkən Gürcüstan lideri Moskvanın bir çox iddialarının tamamilə cəfəngiyyat olduğunu qeyd edir. Gürcüstan ərazilərini işğalını humanitar müdaxilə pərdəsi altında həyata keçirən Moskva 2100 Cənubi Osetiya mülki vətəndaşının qətlə yetirildiyini bildirmişdi. Lakin Human Rights Watch sonradan müəyyən etdi ki, münaqişənin ilkin mərhələsində yalnız 44 adam həlak olub. Rusiya Qərbin münaqişə ilə bağlı həqiqətləri üzə çıxarma səylərini əngəlləməkdə davam edir. Moskva müstəqil müşahidəçilərin regiona gəlməsinə icazə vermir və şəffaflığı təmin etmir. Bu xüsusda Mixeil Saakaşvili Qərbi Gürcüstanın demokratikləşməsinə yardım etməyə və Rusiyaya özünə nüfuz dairəsi yaratmağa imkan verməməyə səsləyir.

Bu arada Nyu York Taymz qəzetinin yazdığına görə rus donanmasının hərbi gəmiləri dünən Venesuelaya səmt götürüblər. Hərbi konvoya nüvə mühərrikli Böyük Pyotr kreyseri və Admiral Çabanenko adlı anti-submarin daxildir. Venesuela lideri Uqo Çavez son illərdə Vaşinqtona qarşı sərt retorikası ilə fərqlənir. Qərbin Gürcüstana hırbi müdaxilı ilə əlaqədar Rusiyanı məhkum etməsinə cavab olaraq belə görünür ki, Moskva Amerikanın regiondakı rəqibləri Venesuela, Kuba və başqa Latın Amerikası dövlətləri ilə əlaqələrini gücləndirməyə başlayıb. Kremlin bu hərəkətləri bir vaxtlar Sovet İttifaqının Vaşinqtona qarşı yürütdüyü siyasətin cizgilərini əks etdirir. Taymz bildirir ki, ötən həftə 2 Rus Tu-160 strateji bombardmançı təyyarəsi Karib Dənizində hərbi təlimlərdə iştirak etmək üçün Venesuelaya gəlmişdi. Rusiyanın Vesti telekanılna müsahibə verən Uqo Çavez söyləyib ki ki, Latın Amerikası özünü BŞ-ın imperialist təsir dairəsindən çıxarır və bu qitənin ölkələrinə Rusiya kimi bir dost lazımdır.