Amerika Birləşmiş Ştatları ilə
Polşa ballistik raketlərdən müdafiə
sisteminin Polşada yerləşdirilməsinə dair razılıq əldə edib. Razılıq avqust
ayının 20-i Varşavada ABŞ dövlət katibi Kondoliza Rays və Polşanın xarici işlər
naziri Radoslav Sikorski tərəfindən imzalanıb. İmzalama mərasimində Polşa prezidenti Lex Kaçinski və baş nazir
Donald Tusk iştirak ediblər.
Razılıq
Amerika, Polşa və NATO-ya üzv bütün ölkələrin uzunmənzilli və kütləvi qırğın
potensialına malik olan ballistik raket təhlükəsindən müdafiəsi üçün
əhəmiyyətli addım hesab edilir. Polşada yerləşdiriləcək rakettutan qurğu Avropa
və Amerika Birləşmiş Ştatlarını Yaxın Şərqdən atıla bilən raketlərdən müdafiə
edəcək. Sistem həm də Amerikanın Avropa
və ABŞ-dakı müdafiə obyektləri ilə birləşdiriləcək. Razılıq NATO-nun kollektiv
təhlükəsizliyinə xidmət etməklə yanaşı, NATO-nun raketlərdən müdafiə
sahəsindəki gələcək prinsiplərinin ayrılmaz hissəsi olacaq. Polşa və Amerika
Birləşmiş Ştatları razılığın imzalanmasından sonra iki ölkə arasında strateji
əməkdaşlığa dair deklarasiya əldə ediblər. Sənəd Polşa və Amerikanın Polşa
ərazisində təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək. Deklarasiyada
Polşa ilə Amerika arasında siyasi və hərbi əməkdaşlıq, məlumat mübadiləsi,
müdafiə sənayesi, habelə araşdırma və texnoloji sahələrdə əməkdaşlığı nəzərdə
tutur. 2009-cu ildən başlayaraq,
Amerika hava və müdafiə qurğularını Polşada yerləşdirəcək. Bundan
başqa Polşaya silahlı qüvvələrin
müasirləşdirilməsi sahəsində yardım göstəriləcək. Strateji əməkdaşlığa dair
deklarasiyada deyilir ki, ABŞ və Polşa
xalqları tarixi bağlılıq, demokratiya öhdəlikləri, sıx müdafiə
münasibətləri və ortaq təhlükəyə müvavimət göstərilməsi kimi dəyərləri bölüşür.