Novruz Məmmədov:  “Kosovonu Abxaziya və Şimali Osetiyadan ayırmaq çətindir”

Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov son zamanlar Gürcüstandakı hadisələr və Qərb-Rusiya qarşıduması fonunda rəsmi Bakının yürütdüyü siyasəti "Amerikanın səsi"nə açıqlayıb. Cənab Məmmədovla müsahibəni təqdim edirik.


Sual: Son günlər Rusiya-Gürcüstan qarşıdurması fonunda Azərbaycanın tutduğu siyasət beynəlxalq dairələrdə birmənalı qarşılanmadı. Gürcüstan Azərbaycanın stratejı tərəfdaşıdır, Rusiya isə müttəfiqi. Bununla belə, Aərbaycan rəsmiləri bildiriblər ki, ölkə hər iki qonşusu ilə eyni məsafədədir. Burada bir ziddiyyət yoxdurmu?
Cavab: Yox, burada ziddiyyət yoxdur. Birincisi, ona görə ki, Gürcüstanda baş verən hadisələrdə, bu ölkəni sevən, onun hər bir təşəbbüsünü möhkəm-möhkəm dəstəkləyən Qərbin özü Tbilisiyə lazım olan köməyi göstərə bilmir. Yəni, bütün bu proseslərdə Gürcüstan elə Qərblə birlikdə, hələlik, uduzan bir tərəfdir. Bizim Gürcüstanla əlaqələrimiz olduğu kimi qalır. Gürcüstanın rəhbərləri, hətta prezident səviyyəsində bizə minnətdarlığını bildirirlər. Və bizim bütün bu proseslərlə bağlı onlarla birgə nə etdiyimizi Gürcüstan prezidenti daha yaxşı bilir.
Digər tərəfdən, son proseslər bizim özümünü də düşündürür. Yəni əgər belə bir hadisə nə vaxsta Azərbaycanla bağlı baş versə, onda Qərb nə edəcək? Bu suala Qərb cavab verməlidir. Əgər doğrudan da Qərb ona göstərilən etimadı doğrulda bilərsə, beynəlxalq hüququn ayaqlar altında tapdanmasına imkan verməzsə, onda başqa məsələ.
Sual: ABŞ vitse-prezidenti Dik Çeyninin regiona səfəri, xüsusilə də Bakıda və Tbilisidə keçirdiyi görüşlər Azərbaycan üçün nə ilə xarakterik oldu?
Cavab: Əvvəlcə onu deyim ki, Dik Çeyninin Azərbaycana səfəri hələ son hadisələrdən çox qabaq planlaşdırılırdı. Sonradan isə bu hadisələr baş verdi və onlar üst-üstə düşdü, dünya da elə bildi ki, ola bilsin Çeyni bura belə hadisələr olduğu üçün gəlib. Çünki Qərbdə də bu proseslər haqqında fikirlər söylənirdi ki, məsələn, sabah Azərbaycanla bağlı da müəyyən problem yaransa, onda nə olacaq? Bu suala cavab tapılmırdı. Ona görə də, elə başa düşdülər ki, məhz həmin mənada, yəni hansısa hadisələrin qarşısını almaq üçün edilən bir səfərdir. Əslində, doğrudan da bu mühüm bir səfər idi. Ümumiyyətlə, Azərbaycan-Ameirka əməkdaşlığı tarixində bu, çox mühüm hadisə idi, biz bu səfəri çox qiymətləndiririk. Və görüşlər zamanı həm regionda gedən proseslər, həm də Amerika-Azərbaycan münasibəstlərinin keçmişi, bu günü və gələcək perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparıldı, Eləcə də gələcəkdə müəyyən addımların atılması üçün mövqelər daha da konkretləşdi.
Ümumilikdə bizim dövlətimizin və cəmiyyətimizin seçimi həmən seçimdir, heç bir şey dəyişməyib.
Sual: Rusiyanın Gürcüstana hücumundan və üstəlik da oradakı separatçı rejimləri tanımasından sonra beynəlxalq dairələrdə diqqət Azərbaycana yönəlib. Belə çağırışlar səslənir ki, Bakı son proseslərdən özü üçün nəticə çıxarmalıdır...
Cavab: Bizim bununla bağlı heç bir qorxumuz yoxdur. Biz bir daha başa düşdük ki, kiçik dövlət olanda, mürəkkəb geosiyasi regionda yerləşərkən, yalnız özünə arxayın olmaq lazımdır. Başqa dəstəkəlrin hamısı bəzən bogazdan yuxarı olur. Biz artıq nümunəni görürük. Ona görə də özümüzə, öz xalqımıza və öz xarici siyasət kursumuza daha çox arxalanmağı nəzərdə tuturuq. Belə bir hadisə bizim ölkədə baş versəydi, yanımıza heç kim gəlib çıxa bilməzdi. Bizim okeana birləşən Qara Dənizimiz yoxdur...
Sual: Bu o deməkdir ki Azərbaycan Qərb-Rusiya qarşıdurmasında heç birinin yanında deyil?
Cavab: Azərbaycan niyə hər hansı bir bloka girməlidir ki? Azərbaycan beynəlxalq hüququn yanındadır. Hansı ki, onu da Qərb və Rusiya birlikdə formalaşdırıb. Bəs niyə Qərb, Rusiya və Avropa özləri buna riayət etmirlər? Niyə bununla bağlı bir söz demirlər ki, indi dünyada gedən proseslər də normal məcraya düşsün? Niyə indinin özündə 19-cu, 18-ci əsrlərdə olduğu kimi, geosiyasi maraqlar hər şeyi tapdalayıb keçir? Nə üçün?
Siz Gürcüstandakı müəyyən mənada separatçı rejimlərin adlarını çəkdiniz. Amma Kosovonu onlardan ayırmaq çətindir əslində. Niyə belə olmalıdır? Bir çox başqa proseslər də var, onları da görmək lazımdır. Yəni bir şeyi qabardıb, başqasını unutmaq düzgün deyil. Dünya hər şeyi gözəl görür və başa düşür...
Sual: Son vaxtlar Qərblə Rusiya arasındakı qarşıdurmanın fonunda ATƏT-in Minsk Qrupunun gələcəyinə də şübhələr yaranıb...
Cavab: Ola bilsin ki, belə şübhələr var. Amma biz Qərbdən bu 20 il ərzində ədalətli mövqe görmədik. Münaqişənini həlilə bağlı ədalətli və açıq mövqe nümayiş etdirmək Qərbin birmənalı və ən mühüm borcu idi. Lakin mən indi Metyu Brayzanın müsahibəsində oxuyuram ki, deyir, biz heç kimə münaqişə ilə bağlı təzyiq göstərə bilmərik. Nə üçün? Axı əsas məsələ də bundan ibarətdir. Biz istəyirik ki Qərb bütün bu prosesləri özünün maraqları çərçivəsində bir oyuncaq kimi oynatmasın. Dünya indi hər şeyi başa düşür. Əlbəttə, Minsk Qrupu bu qədər müddət ərzində bir dəfə də konkret mövqe tutmayıb. Amma biz hələ susuruq və onun fəaliyyətinin davam etməsini istəyirik. Çox təəssüflər olsun ki, torpaqlarımız işğal oluna-oluna, Dağlıq Qarabağdan əlavə ondan da böyük ərazi 20 ildir ki, işgal altındadır, Qərb isə bir dəfə də konkret bir söz deməyib bununla bağlı. Bu, əlbəttə ki, bizi əndişələndirir, cox narahat edir. Və biz də gələcəyimiz üçün hansı addımlar atmalı oldugumuzu düşünürük.
Sual: Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bugünlərdə Bakıda səfərdədir. Vaşinqtonda bir sıra politoloqlar, o cümlədən Hadson İnstitutunun ekspreti Zeyno Baran hesab edir ki Amerika və Avropa Qarabağ problemini Rusiyasız daha asan həll edə bilər...
Cavab: Əgər Amerika da, Avropa da özlərinin formalaşdırdığı beynəlxalq hüquqa saymamazlıq və etinasızlıq göstərməsəydilər, ilk gündən kimin haqlı, kimin haqsız olduğunu, kimin torpaqlarının işğal olunduğunu desəydilər, bu gün burada indiki situasiya yaranmazdı. Məhz beynəlxalq hüquqa bu cür münasibətin nəticəsidir ki, biz bugünkü siyasi dünya mənzərəsi ilə qarşılaşmışıq. Bu isə Qərb üçün də təhlükəlidir, Şərq üçün də, Şimal üçün də. Hamımız üçün.
Ona görə də, istəsəydilər bu münaqişəni çoxdan həll etmək olardı. Necə olur ki, 1 milyondan cox adam küçələrdə qalır və heç kim buna bir şey demir, amma Bakıda bir adama bir sözü başqa cür deyən kimi, dünyanın bütün qəzetləri Azərbaycanda vəziyyətin düz olmadığını yazırlar? Dəfələrlə xanım Kondoliza Rays Azərbaycan haqqında danışıb – bir adama, bir jurnalistə görə. Amma bir milyon adam üçün bir dəfə də konkret mövqe deməyib. Nə üçün? Belə ədalətsizliklər bizi incidir. İndi Metyu Brayza gəlir, danışır. Gəlməmişdən əvvəl deyir ki biz heç kimə təsir edə bilmərik Onda necə iş görmək olar? Axı biz o qədər də axmaq deyilik...
Sual: Belə bir mənzərədə Türkiyənin vasitəçilik səylərini intensivləşdirməsi də diqqəti çəkir...
Cavab: Bəli, bütün mən dediyim səbəblərdəndir ki, indi dünyada tamamilə başqa mənzərə yaranıb. Bunun da günahı isə aparıcı dövlərlərdədir, onların ədalətsiz mövqeyidir. Ona görə də bəli, Rusiya da fəallıq göstərəcək, Türkiyə də. Qüvvələr nisbəti də dəyişə bilər, qüvvələrin münasibəti də. Hər bir şey baş verə bilər. Amma bu prosesi bu qədər tezləşdirməyə ehtiyac yox idi. Heç kimə lazım deyildi. Çox təəssüf olsun ki bunu edirlər.
Sual: Türkiyənin vasitəçilik təşəbbüslərinin Azərbaycan üçün perspektivi varmı?
Cavab: Hələlik mən bir söz deyə bilmərəm. Çünki bütün bu proseslərlə bağlı indi proqnoz vermək məsuliyyətli işdir...
Sual: Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin qarşıda nəzərdə tutulan görüşü yeni prosesdən xəbər verirmi?
Cavab: Mən bir söz deyə bilmərəm. Çünki Ermənistan rəhbərlərinin də bu situasiyada öz məqsədləri və manevrləri ola bilər. Çünki onların dəstəyi çoxdur - Amerikada da, Avropada da.
Sual: Gürcüstandakı hadisələrdən sonra regionun enerji təhlükəsizliyi məsələləri yenidən gündəmə gəlib. Nabukko layihəsilə bağlı narahatlıqlar səslənir. Bu layihə indi realdırmı?
Cavab: Nabukko layihəsinin real olub-olmaması ilə bağlı sualı bu lahiyə daha çox kimə lazımdır, ona vermək lazımdır. Azərbaycan kiçik bir dövlətdir və Qərb üçün hər şey edib, əvəzində isə bircə ədalətli mövqe istəyir münaqişəsi üçün. Onu da etmirlər. İndi Azərbaycan kimi balaca bir dövlət belə çətin situasiyada Nabukko layihəsini kürəyinə alıb Asiyaya, Macarıstana və o biri ölkələrə çatdıran deyil ki. Kimə lazımdırsa gəlsin, oturub danışsın və konkret qərar alınsın. Onda görünsün nə alınır. Yoxsa hərə bir tərəfdən oturub Nabukko deyəndə, bunu kim həyata keçirməlidir? Kimin pulu ilə? Hansı formada? Qazı buradan ora göndərmək olmur. Böyük bir iş görülməlidir. Bu işi görmək üçün də konkret addım atılmalıdır. Bu da çox mürəkkəb məsələdir. Biz öz rolumuzu həyata keçiririk və bu işlə bağlı əlimizdən gələni edirik. Amma başqaları etmirlər axı. Niyə hər dəfə sualları Azərbaycana veririlər? Niyə gedib Avstriyanın Macarıstanın Bolqarıstanın Rusıniyanın rəhbərlərinə deyən yoxdur ki, bu Nabukko ilə nə etmək istəyirlər?
Azərbaycan enerji məsələsində Qərbə çox xitmət göstərib. Amma onları maraqlandıran əsas məsələ təkcə budur. Azərbaycanla bağlı başqa heç bir şeylə maraqlanmırlar. Bu da bizi incidir. Çünki haqq ədalət olmayan yerdə proseslər indiki kimi gedir.