Dik Çeyninin Azərbaycana səfəri xarici mətbuatda

Amerikanın Vitse-Prezidenti Dik Çeyninin Azərbaycana səfəri Qərbin Xəzər-Mərkəzi Asiya regionunda maraqlarını qorumaq məqsədi güdür. Bunu ABŞ-da dərc olunan "Oil and Gas Journal" dərgisi yazır. Dərginin mülahizəsinə görə, Azərbaycanın enerjı məhsullarının ixrac kəməri məsələləri Çeyninin səfərini labüd edib.
Belə ki, Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Gürcüstandan keçən neft və qaz kəmərləri vasitəsilə ixrac dayandırlıb. Qəzet idia edir ki, Çeyni regional səfərini strateji enerji koridorlarınn axtarışına həsr edəcək. "Belə ki, - yazır "Oil and Gas Journal" - Azərbaycan Rusiyaya üz tutsa, ABŞ diplomatiyasının 15 ili boşa getmiş olacaq".
Qəzet Xəzər dənizi və Türkiyə arasında yerləşən Qafqaz regionunun Mərkəzi Asiyadan Avropaya Rusiya və İrandan yan keçən yeganə enerji yolu olduğunu xatırladır.
"The Wall Street Journal" isə bu günkü sayında Dik Çeyninin Azərbaycana səfərinə iki böyük məqalə həsr edib.
Müəlliflər Qay ÇazanCon Makkinon yazırlar ki, Dik Çeyni Qafqaza səfərindən Rusiyanın Qafqaz və Mərkəzi Asiyanın neft və qaz ehtiyatlarını ələ keçirməsinə mane olmaq üçün istifadə etməyə çalışacaq.
"Vitse-prezidentin məqsədi Rusiyadan yan keçən ixrac marşrutuna Amerikanın dəstəyini izhar etməkdir" – yazır Wall Street Journal. Qəzetin fikrincə, Azərbaycanda cənab Çeyni Xəzər qazının Qərbin dəstəklədiyi və Avropanın mərkəzinə enerji daşıyacaq kəmərlərlə axıdılımasından danışacaq.
Onlardan biri Verdinin operası şərəfinə Nabukko adlanır, digər kiçik layihə isə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri olacaq.
Ümumilikdə müəlliflər bir fikirdə yekdildirlər ki, Gürcüstanda müharibə Rusiyanın etibarlı enerji təchizatçısı kimi nüfuzuna xələl gətirdi və bu da ABŞ-la Avropanı öz neft və qaz mənbələrini artırmaq səylərini gücləndirməyə sövq edib.
Çeyninin Azərbaycana səfərinə Rusiya mərbuatı da geniş yer ayırıb. Amma Qərb mediasından fərqli olaraq, burada gedən yazıların əsas məqzi ondan ibarətdir ki, Vaşinqton Moskvaya qarşı müttəfiq yığıb, onun sərhədləri boyu müttəfiq zənciri yaratmaq istəyir.
"Nezavisimaya Qazeta" yazır ki, son günlər MDB məkanında özünəməxsus müttəfiq ovu başlayıb, Rusiya liderləri artıq Moldova, Ermənistan, Özbəkistan, Qazaxıstan və Tacikistan rəhbərləriylə görüşüblər və indi ABŞ-ın vitse-prezidenti Azərbaycan, Gürcüstan və Urkrayna səfərinə başlayıb.

Bununla belə, qəzetin dediyinə görə, Dik Çeynin səfərinə Moskva əsas cavabı bu cümə təqdim etməyə çalışacaq. Sentyabrın 5-də Moskvada Rusiya, Belarus, Ermənistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti yığılacaq və burada Rusiya üzv ölkələrin onun Qafqaz siyasətini tamamilə dəstəkləməsinə nail olmaq istəyir.

"Kommersant" qəzeti isə yazır ki, Avropa İttifaqının Rusiyayla bağlı yumşaq mövqeyindən sonra ABŞ işə qarışmaq qərarına gəlib və
Dik Çeyni Bakı, Tbilisi və Kiyev səfəriylə Vaşinqtonun müttəfiqlərini birləşdirib onları Moskvanın niyyətlərinə qarşı qoymaq istəyir. Qəzet yazır ki, indi Rusiya da MDB-də müttəfiq yığmağa çalışır və bunun üçün bəzi tərəfkeşlərinə yeni qaz kəmərləri, yeni qaz qiymətləri yaxud qüzəştli silah qiymətləri təklif edir.