Zimbabvedə hakimiyyət bölgüsü yenə də baş vermədi

Zimbabve dövlət mətbuatının bildirdiyinə görə, prezident Robert Muqabenin partiyası müxalifətin hakimiyyət bölgüsü tələbini rədd edib. “Herald” qəzeti yazır ki, hakim ZANU-PF partiyası kabinetə həm cənab Muqabe həm də müxalifət lideri Morqan Çanqirayın rəhbərlik etməsi təklifindən imtina edib. Cənubi Afrikada hakim partiya ilə Demokratik Dəyişiklik Hərəkatı arasında danışıqlar bərpa olunandan bir gün sonra yenidən kəskin ittihamlar səslənib. İki həftə əvvəl heç bir saziş imzalanmadan danışıqlar dalana dirənmişdi. Dünən isə Zimbabve hökuməti beynəlxalq yardım qruplarının ərzaq və başqa yardımlar çatdırmasına qoyduğu qadağanı ləğv edib. Qadağa bu ilin əvvəlində Muqabe hökuməti qrupları müxalifəti dəstəkləməkdə ittiham edəndən sonra tətbiq olunmuşdu.