Glen Hovard: Gürcüstandakı hadisələr Azərbaycan üçün də presedent yarada bilər

"Gürcüstandakı hadisələr Azərbaycan üçün də presedent dogura bilər". Bunu "Amerikanın Səsi" radiosuna müsahibəsində Ceymstaun fondunun prezidenti Qlen Hovard bildirib.
O deyib ki, Qərb Rusiyanın qarşısını kəsməsə, Moskva hərbi həmlələrini başqa bölgələrdə də davam etdirə bilər.
Çünki Rusiyanın Gürcüstanı işğalı keçmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda güc balansını dəyişir.
"Bu, presedent yarada bilər. Rusiya Azərbaycana, Baltikyanı ölkələrə, xüsusilə də Ukraynaya müdaxilə edə bilər".
Bu günlərdə Gürcüstandan qayıtmış Cənab Hovard deyib ki, hazırkı şəraitdə Qərb müttəfiqlərinin, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, edə biləcəkləri çox iş var. Onun firkincə, ilk növbədə Gürcüstanla Ukraynanın NATO-ya inteqrasiyasına yardım etmək lazımdr.
Ekspertə görə, NATO görüşündə Gürcüstan-NATO Komissiyasının yaradılması təklifi bir tərəfdən Rusiya üçün bir siqnaldır ki, NATO vəziyyəti ehtiyatla izləyir və Gürcüstanla birgə işləyir. Amma digər tərəfdən bu, Rusiyanı birbaşa hərbi güclə hədələməyən bir addımdır. Yəni NATO bu münaqişənin həllinə döyüş baxımından yox, diplomatik baxımdan qoşulub.
"Hərçənd, - deyir cənab Hovard. – Rusiya Gürcüstanı məhz NATO və Qərbə yaxınlaşmaq siyasətinə görə cəzalandırıb".
"Rusiyanın əsas məqsədi Gürcüstanı cəzalandirmaq idi. Buna şübhə yoxdur. Rusiya başqalarını da bu tərzdə cəzalandırmaq istəyir". Ekspert diqqəti ona yönəldib ki, indi Gürcüstanın demokrastiyası da təhlükə altındadır. Amma onun fikrincə, Rus qoşunları ölkənin infrastrukturunu və dəmiryolu daşımalarının fəaliyyətini pozmaqla indi yalnız Gürcüstanı deyil, həm də Azərbaycanı hədələyir.