Gürcüstanın azərbaycanlı deputatı: "Ölkəyə dəyən ziyan bir ilə aradan qaldırıla bilər"

Gürcüstanda gərginlik davam edir. Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun bildirdiyinə görə, bu gün ölkə prezidenti Mixail Saakaşvili parlamentin üzvləri ilə qapalı iclas keçirib. İclas zamanı prezident deputatlara bildirib ki, bir il ərzindı ölkə dəyən ziyan aradan qaldırılacaq. Rəsmi məlumatlara görə Gürcüstan tərəfindən 220 nəfərin həlak olduğunu bildirən cənab Süleymanov Rusiya tərəfinin isə 65 nəfər itki verdiyini bildirib. Ölənlərin sayının çox olduğunu istisna etməyən deputat regiondakı vəziyyətin itkilərin dəqiq sayının müəyyən olunmasının qarşısını aldığını qeyd edib. O, Gürcüstan qüvvələrində xidmət edən bir neçə azərbaycanlının yaralandığını dilə gətirib. Amerikanın səsinə "Qafqaz evi" barədə də məlumat verən Azər Süleymanov Gürcüstanın Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü bu ideyanı dəstəklədiyini ancaq, ideyanın gerçəkləşməsi üçün buraya Rusiya və Ermənistanın da cəlb olunmasının vacibliyini vurğulayıb. Cənab Süleymanov Rusiya qüvvələrinin Gürcüstanı tərk etməsi barədə yayılan xəbərləri təkzib edərək deyib ki, ölkədə belə bir abu-hava hiss olunmur. O, habelə azərbaycanlıların gürcü qaçqınlara yardım çatdırılması prosesində də fəal iştirak etdiyini bildirib. Azər Süleymanovla ətraflı müsahibəyə qulaq asmaq üçün səsli faylı yükləyə bilərsiniz.