Rusiya rəsmisi yenidən Gürcüstana xəbərdarlıq edib

Rusiyanın yüksək vəzifəli diplomatı xəbərdarlıq edib ki, Cənubi Osetiya regionunda Gürcüstanın zorakılıqları davam etsə, Rusiya buna göz yummayacaq. Xüsusi nümayəndə Yuri Popov bu gün “İnterfaks” agentliyinə müsahibə verib. Onun sözlərinə görə, hazırkı münaqişə zonası daxil olmaqla Cənubi Osetiya bəzi Rusiya vətəndaşlarının vətənidir. Popov deyib ki, Cənubi Osetiyada hadisələr müsbət istiqamətdə cərəyan etmir. O, habelə, cümə axşamı Gürcüstanın kabinet naziri və Cənubi Osetiyanın ali nümayəndəsi ilə görüşəcəyini təsdiq edib. Son xəbərdarlıqlar separatçılarla Gürcüstan hökumət qüvvələri arasındakı toqquşmalardan sonra edilib. Son insidentlər zamanı 6 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.