İran nüvə mübahisəsini diplomatik yolla həll etmək istəyir

İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, onun ölkəsi dünyanın qüdrətli dövlətləri ilə nüvə məsələsinə dair mübahisənin diplomatik yolla həll olunmasını istəyir. Cənab Əhmədinejad dövlət telekanalına bildirib ki, rəsmi Tehran nüvə danışıqlarına ciddi yanaşır və qarşı tərəfin də eyni addımı atacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın təklif etdiyi yardım paketinə cavab vermək üçün təyin olunan qeyri-rəsmi möhlətin vaxtı dünən sona çatdı. İran hələ öz dəqiq cavabını verməyib, lakin Avropa Birliyi İranın cavab vermək üçün bir neçə günü vaxtı olduğunu bildirib. Dünən axşam Suriya prezidenti Bəşər Əl-Əsədlə görüşən İran prezidenti ölkəsinin nüvə hüquqlarından imtina etməyəcəyini bildirib.