Birləşmiş Ştatlar İsraildə inkişaf etdirilmiş radar sistemi yerləşdirməyə razı olub. ABŞ-ın adlarının açıqlanmasını istəməyən yüksək səviyyəli rəsmiləri bildiriblər ki, bu sistemlər İran hücum etsə, İsraili əlavə müdafiə qabiliyyəti ilə təmin edəcək. İsrailin Müdafiə naziri Ehud Barak razılığın əldə edildiyini təsdiq edib. Rəsmilər sistemlərin yanvar ayında ABŞ-ın yeni prezidenti vəzifə başına keçənə qədər yerləşdiriləcəyini bildiriblər.
Bu sistemin əsasını təşkil edən ABŞ-ın ən güclü radar sistemi olan X-radar orta və uzun mənzilli raketləri fəzada təqib edə bilmək qabiliyyətinə malikdir. Bununla yanaşı, sistem səmaya buraxılmış raketləri hədəf alıb, onları vura bilər. ABŞ bu radar texnologiyasını artıq Yaponiyada yerləşdirib və tezliklə onun Çex Respublikasında da yerləşdiriləcəyinə ümid bəsləyir.