ABŞ Qazaxıstanda din azadlığından narahatdır

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası Qazaxıstanda dinlə bağlı qanun layihəsindən narahat olduğunu bildirib. Komissiyanın bu gün açıqladığı bəyanatında deyilir ki, əgər qanunvericilər bu qanun layihəsini qəbul etsələr, yeni qanun din azadlığı da daxil olmaqla insan haqlarının qorunmasının kifayət qədər zəifləməsinə gətirib çıxaracaq. Layihə bütün dini qruplara yeni qeydiyyat tələbi təqdim edir, ölkədə fəaliyətinə icazə verilən dini icmaların sayının azaldılmasını və qeydiyyatdan keçməmiş dini qrupların üzvlərinə qarşı cərimələri artırmağı nəzərdə tutur. ABŞ komissiyasının sədri Felis Qaer deyir ki, yeni qanun Qazaxıstanın ayrıseçkilik və düşüncə, vicdan, dini və etiqad azadlığı barədə beynəlxalq öhdəliklərini təhlükə altına atır. Onun sözlərinə görə, Qazaxıstan xüsusilə 2010-cu ildə ATƏT sədrliyinə yiyələnməyə hazırlaşdığı bir dövrdə azadlıqları inkişaf etdirməlidir.