Əfqanıstanda ABŞ qüvvələrinin həyata keçirdikləri hücum nəticəsində mülki vətəndaşlar həlak olub

Əfqan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlar hava qüvvələrinin Nənqahar vilayətində həyata keçirdikləri hücum nəticəsində çoxu qadın və uşaq olmaqla, 47 nəfər həlak olub.
Əfqanıstan qanunvericisi Burhanulla Şinvarın açıqlamasında bildirilir ki, aparılan təhqiqatlar iyul ayının 6-da Deh-Bala mahalında keçirilən toy məclisində nə Əl-Qaidə, nə də Taliban yaraqlıları deyil, mülki vətəndaşlar öldürülüb.

Pentaqon sözçüsü Brayan Vitman bu gün deyib ki, ABŞ ordusu hələ də hədəfin günahsız mülki vətəndaşlar olmadığına inanır. O, ABŞ rəsmilərinin hadisə ilə bağlı təhqiqat apardığını bildirib.

Əfqanıstan prezidenti Həmid Karzai isə qanunvericilər, daxili işlər və müdafiə nazirliklərinin rəsmiləri daxil edilməklə, təhqiqat işini 9 nəfərə tapşırıb.