İraqda
koalsiya qüvvələri ölkənin şimalında Əl-Qaidəni hədəf alan son əməliyyatları
zamanı 3 şübhəli yaraqlını öldürüb, 12 nəfəri isə həbs edib. Ordunun bu gün
açıqladığı bəyanatında deyilir ki, 2 yaraqlı Mosul şəhərinin cənubunda
keçirilən reyd zamanı öldürülüb. Digər bir silahlı isə Kərkük əməliyyatları
zamanı həlak olub. Bununla yanaşı, İraqın Əl-Qaidəyə bağlı qrupu cümə axşamı
Anbar vilayətində 23 nəfərin həyatına son qoyan intiharçı hücumunun məsuliyyətini
öz üzərinə götürüb. “İraq İslam Dövləti” kimi tanınan qrup bu məlumatı
yaraqlıların veb saytında yerləşdirib. Ancaq bir qədər əvvəl ABŞ ordu rəsmiləri
Anbar hücumunda Əl-Qaidəni ittiham edirdilər. Bu hücum 2 yerli İraq rəsmisinin
və 3 ABŞ Hərbi Dəniz qüvvələri əsgərinin həyatına son qoymuşdu.