Bu günlərdə İsrailin İranın
nüvə obyektlərinə qarşı hücum məqsədilə təlimlər keçirməsi haqda xəbər
açıqlanıb. Uol Strit Cornal qəzetinin
baş məqaləsində İsrailin İranın nüvə proqramına rekasiyası haqda bəhs
edilir. Rəsmi Tel Əviv adətən özünün
həssas hərbi planlarını dünya ictimaiyyətinə açıqlamır. Lakin məqalə müəlliflərinin yazdığına görə
100 təyarədən ibarət hücum təliminin qəzet manşetlərində yer tapması təsadüfi
deyil. İsrail uzaq məsafəli təlimlərlə İran
rejiminə aydın mesaj göndərir: Ya nüvə proqramını dayandır, ya da hücum
edəcəyik!
Baş məqalədə məsələnin bu
nöqtəyə gəlib çatılmasına görə Qərb dövlətləri günahlandırılır. Son 6 ildə İsrail Buş administrasiyasının və
Avropanın İranla bağlı diplomatik səylərini təmkinlə müşahidə edib. Lakin diplomatiya işləməyib, deyə yazıda
bildirlir. İran indiyə qədər bütün
texniki və iqtisadi yardımla dolu insentivlər paketini rədd edərək atom
bombasının istehsalı üçün mühüm olan uran zənginləşdirilməsini dayandırmaqdan
boyun qaçırıb. Vaşinqtonun 4 il davam
edən yalvarışları və hədələri zəif BMT sanksiyaları və Rusiyanın İrana
anti-təyyarə raketləri satması ilə nəticələnib. Belə olan halda İsrailin İranla bağlı məsələni öz əlinə götürməsi
təəccüb doğurmur. Baş nazirin müavini
Şaul Mofaz bu yaxınlarda xəbərdarlıq edib ki, əgər İran nüvə silahlarnın
inkişafını dayandırmasa onda İsrail hücum edəcək. Ötən Sentyabrda İsrailin Suriyadakı obyektlərə zərbələr endirməsi
deməyə əsas verir ki, İsrail boş hədələr etmir.
Eyni zamanda İrana hava
zərbələri Suriya əməliyyatından çox fərqlənəcək. Əvvəla İran İsraildən qat-qat uzaqdadır və onun müdafiəsi daha
möhkəmdir. Bundan əlavə İranın cavab qaytarma imkanları böyükdür. Bəzi ekspertlər bu növ hava zərbələrinin
regional münaqişəyə gətirib çıxaracağından ehtiyat edirlər. Uol Strit Cornalın müəllif heyətinin
fikrincə İrana qarşı son illərdə zəif mövqe tutulması müharibəni mümkün edir. İfrat güzəştlərin müharibə ilə nəticələnməsi
isə tarixdə yad fenomen deyil.
Vaşinqton Post yazarı Fred Hiatt Buş
administrasiyasında son zamanlar cərəyan edən maraqlı debat haqda oxuyucalara
məlumat verir. ABŞ Dövlət
Departamentinin yüksək rütbəli rəsmiləri Tehranda ABŞ-ın maraq nümayəndələyinin
açılmasını nəzərdən keçirirlər. Bu,
əlbəttə, ABŞ-ın İranı diplomatik tanıması demək deyil. Amerikanın oxşar nümayəndəliyi Havanada da
fəaliyyət göstərir. Müəllif Hiattın
fikrincə İran rejimi ilə münasibətlərin son dərəcə soyuq olmasında baxmayaraq
İran xalqı içərisində ABŞ-ın reytinqləri yüksəkdir. Bundan əlavə İran cəmiyyəti daxilində ciddi fikir ayrılıqları və
iqtisadi problemlər mövcuddur ki, bunlar hökumətin mövqeyini zəiflədir. Hiattın fikrincə belə bir nümayəndəliyin
açılması ABŞ rəhbərliyinə İranın gəncləri və ümümilikdə cəmiyyəti ilə təmas
qurmağa imkan verər ki, bu, da ABŞ-ın İran siyasətindəki məqsədlərinə doğru
irəliləyiş əldə etməsinə yol aça bilər.