ABŞ-da kompüter əsaslı tədris

20 ildən artıqdır ki, kompüter tədrisdə istifadə olunur. Ancaq yeni buraxılan kitabda deyilir ki, kompüterlər indi təhsili dəyişir. Və təhsilin gələcəkdə daha çox dəyişəcəyi ehtimal olunur.

Kitab "Dərsi Pozarkən: Pozucu innovasiya dünyanın tədris metodunu necə dəyişəcək" adlanır. "Pozucu İnnovasiya" nəzəriyyəsinin müəllifi Harvard Bizines məktəbinin professoru Kleyton Kristensendir. Onun sözlərinə görə, təşkilatlar demək olar ki, həmişə gördükləri işləri davam etdirmək üçün yeni, yaradıcı texnologiyadan istifadə edirlər. Müəllif deyir ki, yeni texnologiya təşkilatları dəyişə və onları yeni üsula yönəldə bilər. Onlar texnologiyadan işlərini müxtəlif yolla həyata keçirmək üçün istifadə edə bilər. Məsələn, daha çox ehtiyaclara xidmət etmək üçün. Yeni kitabda deyilir ki, təhsildə fərqli güc kompüter əsaslı tədrisdir. "Dərsi Pozarkən" kitabının digər müəllifi Maykl Horn baş çəkdiyi Boston dövlət məktəbindən danışıb. Massaçusets ştatının Dorçester şəhərindəki Lilla Frederik adına orta məktəbində hər bir şagirdin ləptopu var.

Siniflərdən birində mövzu qasırğalar idi. Maykl Horn deyir ki, ləptoplar şagirdlərin daha yaxşı dərk etməsinə, materialları qabiliyyət səviyyəsinə və tədris metoduna uyğun ayırmasına şərait yaradır. Sonda isə şagirdlər müəllimin rəhbərlik etdiyi müzakirələrə qatılır.

Kompüter əsaslı tədris şagirdlərə məktəbdə təklif olunmayan dərsləri götürməsinə, və onların kəsildiyi dərsləri yenidən keçməsinə imkan verir. Bu, həmçinin fiziki problemlər üzündən dərslərdə iştirak edə bilməyən, evdə tədris götürən və repetitorla hazırlaşan şagirdlərə də xidmət edir.

Yeni tədris növünə online kurslar daxildir. Online kurslara qeydiyyat kəskin şəkildə artır. 2007-ci ildə ABŞ-da bir milyona yaxın qeydiyyat var idi. Buraya universitet kursları daxil deyil. Şagirdlər məktəblər və təhsil şirkətləri vasitəsilə bir neçə kursda qeydiyyata alına bilər.

Online kurs götürənlərin 60 faizi orta məktəbdə oxuyan yuxarı sinif şagirdləridir. Buna baxmayaraq, keçən il online kurs götürənlər bütün amerika məktəblilərinin yalnız bir faizini əhatə edib. Ancaq kitabın müəllifləri deyir ki, yaxın 6 ildə bu faiz göstəricisi 10-a qalxacaq. Onların araşdırması göstərir ki, 2019-cu ilə kimi onların sayı 50 faizə yüksələcək. Maykl Hornun sözlərinə görə, gələcəkdə online tədris hətta inkişaf etməkdə olan ölkələrdə də təkmilləşəcək.

Emil Quliyev