İranda hüquq pozuntuları artır

İnsan hüquqları müdafiəçiləri deyirlər ki, İranda sivil cəmiyyətin durumu son ildə xeyli pisləşib. Onlar insan haqlarının sistematik pozulmasını beynəlxalq aləmin İranın nüvə proqramına diqqəti ilə izah edirlər.

Fəallar deyir ki, qadın hüquqları hərəkatı ən çox basqılara məruz qalıb, ələlxsüsus "Bir Milyon İmza" kampaniyası başladıqdan sonra. Kampaniya qadın hüquqları barədə maarifləndirmə ilə məşğul olur və qadınlara qarşı ayrıseçkilik tətbiq edən qanunların ləğvinə çalışır.

Hüquq müdafiəçiləri deyirlər ki, onlarla fəal ittiham olunaraq həbsə məhkum edilib. Arbitrar həbslər, saxlanmalar və ədliyyə təqibləri normal hal alıb. Hədəfə alınanlar sırasında jurnalistlər, hüquqşünaslar, tələbələr və həmkarlar ittifaqlarının üzvləri xüsusilə nəzərə çarpır.

İranda insan hüquqları uğrunda Beynəlxalq Kampaniyanın sözçüsü Hadi Qaemi deyir ki, İran beynəlxalq ictimaiyyətin nüvə proqramına olan ifrat diqqətindən sui istifadə edərək repressiyaları artırıb.

Onun sözlərinə görə İrana qarşı hərbi hücum təhlükəsi artdıqca hökumət basqılarını da artırmağa başlayıb. Hüquq müdafiəçiləri bu səbəbdən də İrana qarşı hədələrin əleyhinə çıxırlar. Onların dediyinə görə hətta məhdud qaydada hücum baş verərsə İranın islamçı hökuməti bundan istifadə edərək sivil cəmiyyəti darmadağın edəcək.

Qaemi düşünür ki, hökumətə qarşı təzyiqlər yalnız dinc şəraitdə effektiv ola bilər. İran 1975-ci ildə BMT-nin İnsan Hüuqları Bəyannaməsinə imza atıb. Fəallar bildirir ki, hökumət sazişin şərtlərinə əməl etmir. Ötən il BMT-nin İnsan Hüquqları Şurası İranı insan haqlarının yaxından izləndiyi ölkələr sırasından çıxarıb.

Nobel mükafatı laureatı Şirin Ebadi deyir ki, bu addım İran xalqı üçün mənfi nəticələrə gətirib çıxarıb. O, Şuranı ölkəsi ilə bağlı Xüsusi Hesabatçı müəyyən etməyə səsləyib. Ebadi həminin ABŞ-ın bu şuranı tərk etməsininn əleyhinə çıxır. Onun sözlərinə görə Şura son 2 ildə yaxşı fəaliyyət göstərməyib. Lakin bunun həll yolu ABŞ-ın etdiyi kimi şuranı tərk etmək yox, effektiv çarə üsulları tapmaqdır.

ABŞ ötən həfətə bəyan edib ki, o, bu qrupla əlaqəni məhdudlaşdırır, belə ki, BMT-nin insan hüquqları şurası İsraili tənqid etməkdən başqa bir iş görmür. Dövlət Departamentinin sözçüsü deyib ki, Amerika yalnız dərin milli maraqlarla bağlı məsələlərin müzakirəsinə iştirak edə bilər.