Vaşinqtonda yerləşən Beynəlxalq Sülh üzrə Karnegi Fondunda “Ayətulla Xamenei – İranın ən qüdrətli liderinin dünyagörüşü” başlığı altında keçirilən foruma Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzində Yaxın Şərq İnstituna direktorluq edən Halə İsfəndiyari aparıcılıq edirdi. Halə xanım ötən il İranda səfərdə olarkən casusluq ittihamı ilə həbs edilmiş və 4 ay Evin məhbəsində saxlanılmışdı. Forumun əsas natiqi Xameneinin dünyaya baxışları haqda kitabça yazmış Karnegi Fondunun əməkdaşı Kərim Sədcadpur idi.
Sədcadpur çıxışında İranın islamçı hökuməti daxilində Ayətulla Xameneinin böyük nüfuza malik olduğunu vurğuladı. Gənc alimin fikrincə İranda cərəyan edən prosesləri anlamaq üçün məhz bu dövlət kursunu müəyyənləşdirən şəxsə, Ayətulla Əli Xameneiyə nəzər yetirmək vacibdir. Hərçənd ki, İran prezidenti Mahmud Əhmədinejad prezident seçiləndən bəri qalmaqallı bəyanatları ilə dünyaya səs salıb, İslam Respublikasının sükanı konistitusiyaya uyğun olaraq “vilayəti faqih” kimi tanınan ali dini rəhbərin əlindədir.
Sədcadpur İranda apardığı araşdırmalarda əsas diqqəti Ayətulla Xameneinin çıxışlarına yönəldib. Onun dediyinə görə bu çıxışlarda 3 başlıca xətt nəzərə çarpır: qatı anti-Amerikanizm, İsrailə nifrət və İranın özündən-asılılığı. Xamenei demək olar ki, hər çıxışında ABŞ-ın ünvanına sərt tənqidlər yağdırır. İstər kənd təssərüfatı, istər sənaye, istərsə də təhsil mövzularında etdiyi çıxışlarda Xamenei İranın üzləşdiyi bütün problemlərin kökünü Amerika və onun əməllərində görür. Eyni zamanda Ayətulla Ruhulla Xomeyninin əsasını qoyduğu islamçı ideologiyaya uyğun olaraq Xamenei İsraili Yaxın Şərqdə xərçəng və İslam ümməti üzərində dözülməz ləkə hesab edir.
İranın ali dini lideri inanır ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq üçün Şimali Koreya və başqa totalitar dövlətlərin üstünlük verdiyi özündən-asılılığı təşviq edən iqtisadi strategiya yürüdülməlidir. Məhz bu səbəbdən də İranın beynəlxalq təcridi Tehranı bir o qədər narahat etmir. Sədcadpur düşünür ki, Xameneinin ABŞ-a olan nifrətinin əsasında onun Vaşinqtonun himayə etdiyi Şah rejimi dönəmində 4 il həbsdə yatması və İran-İraq müharibəsi vaxtı Amerikanın İraqa göstərdiyi dəstək dayanır.
Sədcadpurdan sonra söz alan Cənubi Flordia Universitetinin professoru Mohsen Milani Ayətulla Xomeyninin ölümündən sonra İranda cərəyan edən hakimiyyətdaxili mübarizələrə ekskursiya edərək Xameneinin güclənməsinin tədricən baş verdiyini önə çəkdi. Cənab Milani vurğuladı ki, İranda konstitutsiya yazılarkən başlıca məram ondan ibarət idi ki, prezidentlik və parlament institutları zəif və ali dini rəhbərə subordinat formada saxlanılsın. Eyni zamanda professor son illərdə İranda inqilab keşikçilərinin və hərbi qüvvələrin rolunun da gücləndiyini söylədi.
Daha sonra söz alan Yeni Amerika Fondunun əməkdaşı Afşin Molavi İrana tətbiq edilən sanskiyaların və beynəlxalq aləmdən təcrid olunmanın İrana göstərdiyi təsirlərdən bəhs etdi. Onun dediyinə görə qüdrətli iqtisadi potensialına baxmayaraq əksər iqtisadi indekslərdə İran sonuncu yerlərdən birini tutur. Hətta neft qiymətlərinin bir neçə dəfə artdığı bir mühitdə iran liderləri uğurlu iqtisadi siyasət yürüdə bilmirlər, və nəticədə sadə iranlıların əksəriyyəti səfalət içində yaşayır.
Tədbirdən sonra əslən Təbrizdən olan Afşin Molavi İran-Azərbaycan münasibətləri barədə Amerikanın Səsinə müsahibə verdi. Onun sözlərinə görə İran bir sıra məsələlərdə İslam ideologiyasına sadiq qaldığını desə də Azərbaycanla münasibətlərdə bu sədaqət nəzərə çarpmır:
“Bir çoxları İran xarici siyasətinin ideologiyaya və ya Şiə həmrəyliyinə əsaslandığını güman edirlər. Lakin reallıqda Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ uğrunda müharibəsində İran Ermənistanın tərəfini saxladı. Və Tehran bir sıra məsələlərdə də Ermənistanı dəstəkləyib. İran rəsmiləri hesab edirlər ki, Azərbaycan ABŞ və İsrailə çox yaxındır. Onlar düşünürlər ki, İsrail və ABŞ Azərbaycandan baza kimi istifadə etməklə İranı əhatəyə alırlar." Molavinin fikrincə bundan əlavə Xəzər dənizinin resursları üzərində də fikir ayrılıqları var və dini mədəni oxşarlqılara baxmayaraq Azərbaycanla İran arasındakı münasibətlər çətin olaraq qalacaq. Onun dediyinə görə nə qədər ki, Azərbaycan ABŞ və İsraillə münasibətlər saxlayır İran Azərbaycana şübhə ilə yanaşmaqda davam edəcək.