Amerika Mətbuatı: Rusiya lideri Qərbi tənqid edir

Avropanın ali seçkiləri müşahidə qrupu Rusiya hökumətinin tətbiq etdiyi sərt məhdudiyyətləri əsas gətirərək martın 2-də bu ölkədə keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək qərarına gəlib. Nyu York Taymz qəzetinin yazdığına görə, Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisinin elan etdiyi bu ləğv qərarı təəccüb doğurmayıb. Lakin bu, Qərb ictimaiyyətinin Rusiyanın nominal demokratiyası haqda təsəvvürü ilə Kremlin təqdim etmək istədiyi Rus demokratiyası haqda imiclər arasındakı təzadı aşkar şəkildə ortaya qoydu.

Kreml artıq bir müddətdir ki, seçki saxtarkarlıqları haqda hesabatından sonra xalq inqilablarına yol açmış ATƏT seçki müşahidəçilərinin ölkədəki mövcudiyyətindən narahatdır. Təşkilatın direktoru Kristian Ştrohal deyir ki, onun təşkilatı bütün imkanlardan istifadə edərək seçkiləri müşahidə etmək istəyirdi. Lakin Rus rəsmilərinin ortaya qoyduğu maneələr sadəcə olaraq normal seçki müşahidəsinə imkan vermir. Hələ 2004-cü ildə Rusiya 400 seçki monitorunu ölkəyə buraxmışdı. Lakin indi heç bir ciddi rəqibin iştirak etmədiyi səsvermədə Kreml israr edir ki, müşahidəçilər öz işlərinə seçkilərdən cəmi bir neçə gün öncə başlaya bilərlər. Bu isə belə görünür ki, Avropalı müşahidəçilərin səbr kasasını daşırdı.

Vladimir Putinin dönəmində Rusiyanın Qərbdən üz çevirməsi özünü təkcə demokratik islahatların sona yetməsində büruzə vermir. Vaşinqton Post qəzetinin yazdığına görə Vladimir Putin bu günlərdə dünyada yeni silah yarışına start verildiyini bəyan edərək NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinə qarşı çıxış edib. O, bu yarışı Rusiyanın başlatmadığını deyərək Qərbi, ABŞ-a eyham vurmaqla hərbi sistemlərin inkişafına milyardlarla dollar pul ayırmaqda günahlandırıb.

Maraqlısı odur ki, Putinin seçkilərdə varisi qismində çıxış edəcək Dmitri Medvedev öz nitqlərində anti-Qərb retorikasına yer ayırmır. Hətta bu yaxınlarda nitq yazarlar tərəfindən Qərbin ünvanına yönələn sərt şərhləri o, mətndən çıxarıb.

Medvedevlə müqayisədə Dövlət Şurası qarşısında çıxış edən Putin Qərbə qarşı retorik tonu bir qədər də artırıb. Putinin sözlərinə görə Qərbin insan hüquqları və demokratiya haqda Rusiyaya ünvanlanan tənqidlərindən neft və qaz iyi gəlir. O, bununla Qərbi Rusiyanın təbii sərvətlərinə yiyələnmək istəyində ittiham edib. Vladimir Putin Rusiyanın öz bazalarını Kubada və Vyetnamdan yığışdırmasının əvəzində Amerika hərbi bazalarının Şərqi Avropa ölkələrində peyda olmasını önə çəkib. Rusiya liderinin fikrincə ABŞ-ın bu addımlarının məramı Rusiyanı mühasirəyə almaqdır, halbuki Qərb bunu etiraf etmir. Sürəkli alqışlarla tez-tez kəsilən çıxışında Rusiyanın yenidən böyük dövlət statusuna qayıtdığını və onun 7 ən iri iqtisadiyyat sırasına qoşulduğunu söyləyib. Eyni zamanda o, Rus iqtisadiyyatının neft və qaz sənayesindən radikal asılılığını tənqid edib.