ABŞ-da "Super Çərşənbə axşamı" seçkiləri keçirilir

ABŞ-ın 20-dən çox ştatında seçicilər “Super çərşənbə axşamı” kimi tanınan ilkin seçkilərdə noyabr prezident seçkilərində demokrat və respublikaçılar partiyalarından nominasiya edilmək uğrunda kampaniya aparan namizədlərə səs verirlər. Prezidentliyə namizədlər müxtəlif telekanallar vasitəsilə seçicilərə müraciət edərək, onları səsvermə məntəqələrinə getməyə, səhiyyə və iqtisadiyyat kimi məsələlərdə öz mövqelərini bildirməyə çağırıblar. Ölkənin şərq bölgələrində səsvermə məntəqələri səhərdən açılıb. Bu gün alınan nəticələr noyabrda ümumi seçkilərdə rəqabət aparacaq demokrat və repsublikaçılar partiyalarından prezidentliyə namizədlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. ABŞ-ın 50 ştatından 24-də ilkin seçkilər bu gün keçirilir. Ştatdan ştata fərqli bu sistemdə prezidentliyə namizədlər partiya qurultayında nümayəndlərin səslərini alırlar. Rəy sorğuları göstərir ki, Demokrat partiyasından namizədlər senator Barak Obama və senator Hilari Klinton çox az fərqlə mübarizə aparır. Kaliforniya ştatındakı seçkidə onlar arasında fərqin kiçik olacağı gözlənilir. Respublikaçılar partiyasına gəldikdə, rəy sorğuları senator Con Makkeynin seçkilərdə rəqibi, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romnidən xeyli irəlidə olduğunu göstərir. Makkeyn Florida və Cənubi Karolina ştatlarında bu yaxınlarda keçirilmiş ilkin seçkilərdə qələbə qazanmaqla yaxşı şanslar əldə edə bilib.