Mahmud Əhmədinejad:"Heç nə İranı nüvə texnologiyası əldə etmək səylərindən yayındırmayacaq"

İran prezidenti Mahmud Əhmədinejad bir daha Qərbin təzyiqlərinə əhəmiyyət verilməyəcəyi və heç nəyin İranı nüvə texnologiyası əldə etmək səylərindən yayındırmayacağını deyib. İranın Buşeht şəhərində çxış edən Əhmədinejad bildirib ki, Tehran nüvə proqramının zirvə nöqtəsinə yaxınlaşır. Lakin o, buna izahat verməyib. Rusiyanın yardımı ilə inşa edilən Buşehr atom elektrik stansiyası o ölkədən fəaliyyəti üçün artıq lazımi nüvə yanacağı alıb. İran obyektin ilin ortalarında işə salınacağını bildirir. Bu arada BMT-in Təhlükəsizlik Şurası İrana qarşı üçüncü sanksiyalar paketinin müzakirəsinə başlayıb. Şuranın beş daimi üzvü-ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa artıq sanksiyalarla bağlı qətnamənin əsas şərtlərində razılığa gəliblər.